Bakı. Trend:
Aprelin 25-də Mətbuat Şurasında “Olaylar” qəzeti və eyniadlı informasiya agentliyinin 30 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib.
Trend xəbər verir ki, tədbirdə Mətbuat Şurası İdarə Heyətinin üzvləri, “Olaylar”ın uzun illər əməkdaşı olmuş jurnalistlər, millət vəkilləri, yazıçılar, mətbuat işçiləri və digər şəxslər iştirak ediblər.
Çıxış edənlər qəzetin keçdiyi yaradcılıq yolundan, əldə etdiyi uğurlardan, onun mətbuat sahəsində özünəməxsus xəttinin olmasından bəhs ediblər.
Bildirilib ki, “Olaylar” Azərbaycanın müstəqillik uğrunda mübarizə tarixini, bu yolda əldə edilən nəticələri geniş işıqlandırıb. Orqan qəzetdən sayta, saytdan agentliyə keçdiyi kimi gələcəkdə də müxtəlif formalarda inkişaf istiqamətlırini müəyyənləşdirəcək.
“Olaylar” İnformasiya Agentliyinin direktoru və qəzetin baş redaktoru Yunus Oğuz Trend-ə açıqlamasında rəhbəri olduğu orqanın keçdiyi inkişaf yolundan bəhs edib:
“Əslində 30 il böyük bir dövrdür. Şərəfli bir dövr keçmişik. Maraqlıdır ki, 30 illiyimiz həm də 1995-ci ildə Azərbaycan Konstitusiyasının yaranması ilidir. Elə məhz 2025-ci il də Konstitusiya və Suverenlik ilidir. Kifayət qədər həm ağrılı, həm acılı, bədbin, nikbin günlərimiz olub. Lakin biz dayanmamışıq, biz fəaliyyətimizi davam etdirmişik. Elə indi də bu inkişaf yolunda addımlayırıq. Bu yolu hələ davam etdirəcəyik”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, “Olaylar” öz dəst-xətti ilə hər zaman seçilib:
“Bu gün Azərbaycanın müstəqillik tarixində özünəməxsus yeri olan mətbuat orqanlarından biri “Olaylar”ın 30 yaşı tamam olur. Bu gün media nümayəndələri bir araya gələrək bu günü qeyd etdilər. “Olaylar” qəzeti və eyniadlı agentliyin Azərbaycan mətbuatında özünəməxsus yeri var. Müstəqil, hər zaman obyektiv media orqanı olaraq öz rolunu oynayıb. Azərbaycan dövlətçiliyi, onun möhkəmlənməsi naminə öz xidmətini göstərib”.
Qeyd edək ki, “Olaylar” İnformasiya Agentliyi 24 aprel 1995-ci ildən fəaliyyət göstərir.
Qəzet fəaliyyətə başlayarkən cəmi bir neçə əməkdaşı olsa da, çox qısa bir müddətdə qəzetin və agentliyin həm ümumi, həm də yaradıcı tərkibi böyüyüb və ən çox istinad edilən qəzetlərdən olub. “Olaylar” qəzeti və “Olaylar” İnformasiya Agentliyinin yüzlərlə fəxri diplomu və təşəkkürnamələri var. Hazırda agentlik öz xəbərlərini oxucularına 4 dildə - azərbaycan, türk, ingilis və rus dillərində təqdim edir.