Bakı. Trend:
“Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin siyahısı” təsdiq edilib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli əsədov müvafiq qərar imzalayıb.
Qərarla həmçinin, “Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən peşələrin (vəzifələrin) siyahısı”, “Azərbaycan Respublikasında istehsal olunan, mədəni və yaradıcı sənaye sahələrinə aid edilən məhsul və xidmətlərin siyahısı” və “Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyət üzrə mədəni və yaradıcı sənaye sahələrinə aid edilən mal və xidmətlərin siyahısı” da təsdiq edilib.
Bu öz növbəsində mədəni və yaradıcı sənayelər sahəsində əsaslı
təşəbbüslərin həyata keçirilməsinə, statistika işinin aparılmasına,
fəaliyyətlərin daha məhsuldar şəkildə planlaşdırılmasına imkan
yaradacaqdır.
Layihə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi,
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi,
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və digər
aidiyyəti dövlət qurumları və Azərbaycan Respublikasının Mərkəzi
Bankının dəstəyi ilə hazırlanıb.