Bakı. Trend:
Pekində Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində imzalanan müqavilələr əməkdaşlıqda yeni səhifə açır.
Bunu Trend-ə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Strateji təhlil və proqnozlaşdırma şöbəsinin böyük məsləhətçisi Cavid Babayev deyib.
"Çin şirkətləri irimiqyaslı günəş və külək elektrik stansiyalarının tikintisində iştirak edib. 2023-cü ildə istismara verilən “Qaradağ” Günəş Elektrik Stansiyasının panelləri Çinin “LONGi” şirkətinin, eyni zamanda hazırda tikintisi davam edən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasında quraşdırılan külək turbinləri “Envision Energy” şirkətinin istehsalıdır.
Həmçinin qeyd edim ki, Azərbaycanın ilk bərpa olunan enerji hərracında qalib gələn Çinin “Universal International Holdings Limited” şirkəti 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası layihəsini həyata keçirəcək. Artıq bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Hökuməti və “Universal Solar Azerbaijan” MMC arasında stansiyanın tikintisini və istismarını nəzərdə tutan İnvestisiya Müqaviləsi imzalanıb. Növbəti mərhələdə şirkət ilə elektrik enerjisinin alqı-satqı, ötürücü şəbəkəyə qoşulma və torpaq icarə müqavilələri imzalanacaq. 2026-cı ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 180 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 39 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 86 min ton azaltmağa imkan verəcək", - o bildirib.
Bundan əlavə, onun sözlərinə görə, “PowerChina Resources Limited” şirkəti ilə 160 MVt gücündə günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsi imzalanıb.
"Layihə, həmçinin gələcəkdə batareya enerji saxlanc sisteminin inteqrasiyası imkanlarını da nəzərdən keçirir. 2028-ci ildə istismara verilməsi planlaşdırılan stansiyada illik təxminən 332 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 73 milyon kubmetr həcmində təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon emissiyalarının 160 min ton azaldılması deməkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlığa dair ümumilikdə 6 sənəd imzalanıb. Bu müqavilələrlə Çinin “China Energy Overseas Investment Co. Ltd.”, “China Datang Overseas Investment Co. Ltd” və “PowerChina Resources Limited” şirkətləri Azərbaycanın yaşıl enerji layihələrinə investisiya yatıraraq inkişaf etdirəcək. Bu sənədlər ümumilikdə 260 MVt gücündə günəş elektrik stansiyaları, 100 MVt üzən günəş elektrik stansiyası, 30 MVt gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 GVt gücündə külək elektrik stansiyasının inşası, daha 2 GVt gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpa olunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir", - o bildirib.
Cavid Babayev vurğulayıb ki, Çin şirkətləri ilə əməkdaşlıqlar Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücünün və enerji istehsalının artımına, eyni zamanda 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının 30 faizə çatdırılması hədəfinə mühüm töhfə verəcək.