Bakı. Trend:
“S&P Global Ratings”in proqnozlarına görə, Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionundakı əksər inkişaf etməkdə olan bazarlar (EMs) banklar üçün müflislik çərçivələrinin tətbiqinə ehtiyatlı yanaşmalarını davam etdirəcəklər.
Bu barədə Trend “S&P"dən məlumat əldə edib.
Qeyd edilib ki, Azərbaycan və Qazaxıstan, tənzimləmə və nəzarətin keyfiyyətini artırmaq üçün islahatlar həyata keçirirlər:
"Digər ölkələrdə isə şəffaflığın olmaması, dəyişkən institusional mühit və siyasi müdaxilələr qiymətləndirməmizə təsir edən amillər sırasındadır. Buna görə də, bu ölkələrin əksəriyyətində və hüquqi müflislik çərçivəsinin mövcud olmadığı hallarda, tənzimləyicilərin bank böhranları ilə mübarizə aparmaq üçün həll yollarından istifadə etməyə davam edəcəklərini gözləyirik. Məsələn, bəzi ölkələrdə bankların minimum kapital adekvatlığı tələblərini uzun müddət pozaraq fəaliyyət göstərməsinə icazə verilir. Həmçinin bəzi ölkələrdə çətinlik yaşayan banklara müdaxilə etmək və birbaşa tədbir görmək üçün tənzimləyicilərə səlahiyyət verən hüquqi çərçivənin gücləndirilməsinə ehtiyac ola bilər".
“Beynəlxalq tənzimləmələrin ilk tətbiq edənlərindən olan bəzi inkişaf etməkdə olan bazarlar (EMs) hələ də müflislik çərçivəsinin tətbiqini gecikdirirlər və bizim fikrimizcə, bu, onların bank sistemləri üçün ciddi nəticələrə səbəb ola bilər", - məlumatda bildirilir.
“Biz həmçinin Mərkəzi Asiya və Qafqaz regionunda bəzi ölkələrin müflislik çərçivələrinin qəbuluna doğru addımlar atdıqlarının fərqindəyik — bunlar arasında Azərbaycan və Qazaxıstan kimi bəzi ölkələr digərlərindən daha irəlidədir. Digər ölkələrə gəldikdə isə, əgər onlar da bu istiqamətdə addım atmağa qərar versələr, hesab edirik ki, bu çərçivələrin qəbul edilməsi xeyli vaxt ala bilər.
Gürcüstan da müflislik çərçivəsini qəbul etməyə qərar verən ölkələrdən biridir. Ölkə artıq müflislik fondu yaradılması ilə bağlı qanunvericiliyi qəbul edib və ölkənin üç sistem əhəmiyyətli bankı üçün minimum kapital və uyğun öhdəliklər (MREL) tələblərini tətbiq edib. Həmçinin, Mərkəzi Bank daxilində Müflislik və Ləğvetmə Şöbəsinə resurslar ayrılıb və müflislik çərçivəsinin tətbiqinə başlanılıb”, - məlumatda qeyd olunub.