...

Qeysəriyyə, abort və qanunda boşluq: Doğuşun azalmasının görünməyən səbəbləri (MÜSAHİBƏ)

Cəmiyyət Materials 28 Yanvar 2026 10:00 (UTC +04:00)
Qeysəriyyə, abort və qanunda boşluq: Doğuşun azalmasının görünməyən səbəbləri (MÜSAHİBƏ)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Statistika Komitəsinin son məlumatlarına əsasən son illərdə Azərbaycanda doğulan körpə sayı azalıb.

Trend TƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli ilə doğulan uşaq sayının azalmasının səbəbləri, ana və uşaq ölümləri ilə bağlı statistika və ölüm səbəbləri, qeysəriyyə əməliyyatlarının kəskin artım tempi, Reproduktiv Sağlamlıq haqqında Qanunun zəruriliyi, hamiləlik dövründə normal çəki artımı, autizmin diaqnostikası, tibbdə süni intellektin tətbiqi və digər aktual məsələlərə dair geniş müsahibəni təqdim edir.

Doğulan uşaq sayının azalmasının əsas səbəblərindən biri qeysəriyyə əməliyyatlarıdır

Təranə Rəcəbli qeyd edib ki, müasir qloballaşan dünyada bir çox inkişaf etmiş ölkələrdə doğulan uşaq sayında azalma müşahidə olunur.

Həkimin sözlərinə görə, bəzi ölkələrdə əhali artımı kritik səviyyədə enib və əhalinin yaşlanması prosesi gedir:

“Bu olduqca ciddi problemdir. Lakin səbəblər yalnız tibbi amillərlə məhdudlaşmır. Gec ailə qurmaq, cərrahi doğuşlara üstünlük verilməsi və sosial məsələlər də bu prosesə təsir göstərir. Ailədə bir və ya iki uşağa üstünlük verilməsi də əsas səbəblər sırasındadır.

Əvvəllər dünyada hər üç uşaqdan biri qeysəriyyə kəsiyi ilə doğulurdusa, artıq Azərbaycanda da bu tendensiya artmaqdadır. Qeysəriyyə doğuşları doğulan uşaq sayını məhdudlaşdırır. Belə ki, uşaqlıq üzərində yaranan çapıq toxuma, adətən, maksimum üç hamiləliyə imkan verir. Çapığın yetərsizliyi, patoloji cift gəlişləri və ciftlərin bitişməsi həm uşaq sayının azalmasına, həm də dolayı yolla ana ölümlərinə səbəb olur.

Dövlət Statistika Komitəsinin rəqəmlərinə nəzər yetirdikdə görürük ki, cift patologiyalarının və hamiləlik patologiyalarının sayı artmaqdadır. Bunun əsas səbəbi isə çapıq toxumanın yaratdığı fəsadlardır”.

Komissiya sədrinin sözlərinə görə, qadınların qeysəriyyə əməliyyatına üstünlük verməsinin əsas səbəbi doğuş ağrısıdır:

“İkinci səbəb isə psixoloji amillərlə bağlıdır. TƏBİB sədri son brifinqdə qeyd edib ki, TƏBİB tabeli tibb müəssisələrində ana və uşaq ölümü hallarında azalma müşahidə olunur. “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda yersiz qeysəriyyə əməliyyatlarına görə inzibati cərimə nəzərdə tutulub. Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş klinik protokollarda cərrahi doğuşlar ciddi qaydalarla tənzimlənir.

Qeysəriyyə kəsiyinin geniş yayılması demoqrafik göstəricilərə birbaşa təsir edir. Qadınlar çoxsaylı hamiləlik keçirə bilmir, cift bitişmələri və döl yumurtasının çapıq toxumaya bitişməsi uşaqlığın itirilməsi ilə nəticələnə bilər. Eyni zamanda, uşaqlığın cırılması (ruptura) kimi ağır fəsadlar da baş verə bilər. Bunlar qeysəriyyə əməliyyatlarının əsas təhlükələri hesab olunur”.

Qeysəriyyə əməliyyatları arasında ideal fasilə üç ildir

Həkim bildirib ki, qeysəriyyə əməliyyatlarından sonra hamiləliklər arasında fasilənin düzgün seçilməsi mühüm əhəmiyyət daşıyır:

“Fasilənin həm qısa, həm də həddindən artıq uzun olması risklidir. Məsələn, on il əvvəl qeysəriyyə əməliyyatı olunmuş qadın on ildən sonra hamiləlik planlaşdırdıqda tikiş yetməzliyi problemi yarana bilər. Bu səbəbdən hamiləliklər planlı şəkildə və mütəxəssis nəzarəti altında həyata keçirilməlidir. Qeysəriyyə əməliyyatları arasında ideal fasilə üç il hesab olunur”.

Ana ölümlərinin sayının azalması üçün ilk öncə ölümlə nəticələnməyən kritik halların sayı azaldılmalıdır

Təranə Rəcəbli ana və uşaq ölümlərinin səbəblərinə də diqqət çəkib. Həkim qeyd edib ki, ana və uşaq ölümlərinin azaldılması bütün dünyada prioritet məsələdir:

“Son illərdə mütləq rəqəmlərdə ciddi azalma qeydə alınıb. Ölkə üzrə doğuşayardım müəssisələrinin təxminən 80 faizi TƏBİB tabeliyində fəaliyyət göstərir. TƏBİB tabeli tibb müəssisələrində hamiləlik, doğuş və zahılıq dövrlərində ana ölümü və erkən neonatal dövrdə körpə ölümü, eləcə də ağırlaşmış doğuş hallarının təhlili aparılır.


Ana ölümlərinin azaldılması təkcə ölüm hallarına fokuslanmaqla mümkün deyil. Dünya təcrübəsi göstərir ki, bu proses ölümlə nəticələnməyən kritik halların azaldılması ilə birbaşa bağlıdır. Bu anlayış ölüm təhlükəsindən xilas edilən anaları ifadə edir. Məsələn, İngiltərədə hər 118 ölümlə nəticələnməyən kritik hala 1 ana ölümü düşürsə, Hindistanda bu göstərici 6-ya qarşı 1-dir”.

Komissiya sədri TƏBİB tabeli tibb müəssisələrində ana ölümləri ilə yanaşı, ölümlə nəticələnməyən kritik halların da təhlil edildiyini vurğulayıb:

“Sual belə qoyulur: Neçə ananı ölümün pəncəsindən xilas edə bilmişik və neçə ananı itirmişik? Bu yanaşma həm sistemdəki boşluqları, həm də mümkün tibbi səhvləri üzə çıxarmağa imkan verir”.

Hamiləlikdə ana ölümlərinin əsas səbəbləri qanaxmalar, ağır talassemiya, bədxassəli şişlər və ürək qüsurlarıdır

Təranə Rəcəblinin sözlərinə görə, ana ölümlərinin səbəbləri arasında qanaxmalar üstünlük təşkil edir:

“ÜST-nin 2020-ci il hesabatına əsasən, növbəti yerlərdə preeklampsiyalar, tromboemboliyalar və ekstragenital xəstəliklər dayanır. Statistika Komitəsinin məlumatları hamiləlik və zahılıq dövründə qadınlar arasında endokrin pozğunluqların, ürək-damar xəstəliklərinin və anemiyaların artdığını göstərir.

Təhlil etdiyimiz hallarda anadangəlmə ürək qüsuru, ağır formalı talassemiya və bədxassəli şiş xəstəlikləri olan hamilə qadınlar arasında ölüm halları qeydə alınıb. Hamiləlik son dərəcə ciddi və məsuliyyətli bir mərhələdir. Mütəmadi tibbi müayinələrdən keçməmək və ekstragenital xəstəliklərin vaxtında müalicə edilməməsi ana ölümünə gətirib çıxara bilər”.

Doğuşayardım Komissiyasının sədri praktikada rastlanan ölüm hallarından da danışıb:

“Təcrübəmizdə epilepsiya səbəbindən üç ana ölümü baş verib. Bəzi qadınlar ailə qurarkən epilepsiya xəstəliyini gizlədir, təyin olunmuş dərmanları qəbul etmir və nəticədə hamiləlik dövründə ölüm halları baş verir. İki halda isə ölüm asfiksiya nəticəsində qeydə alınıb. Dərman qəbul edilmədiyi üçün ev şəraitində epileptik tutma baş verib və qadın tutmadan sonra asfiksiyadan vəfat edib.

Eyni zamanda, vərəm xəstəliyi səbəbindən də ölüm halı müşahidə olunub. Vərəm xəstəsi olan bir qadın süni mayalanma yolu ilə hamilə qalıb, lakin xəstəliyini gizlədib. Yetərli müayinələr aparılmadığı üçün xəstəlik vaxtında aşkarlanmayıb. Ölümündən sonra aparılan meyit yarılması zamanı miliar vərəm diaqnozu müəyyən edilib”.

Qadının boşandığı üçün uşağı doğmaq istəməməyi abort üçün əsas deyil

Təranə Rəcəbli abortlarla bağlı bəzi məqamlara diqqət çəkib. Həkimin sözlərinə görə, dünya üzrə erkən nikahlar ana və körpə ölümünə birbaşa təsir edir:

“Hər ölkənin inkişaf səviyyəsinə uyğun olaraq bu göstərici dəyişsə də, orta hesabla hər 224 erkən nikaha 1 ana ölümü riski düşür. Azərbaycanda da statistika bu göstəriciyə uyğundur. Qanunvericilikdə nikah yaşının 18-ə qaldırılması erkən nikahların sayının azalmasına səbəb olub.

Hər arzuolunmayan hamiləlik və selektiv abortlar demoqrafiyaya ciddi təsir göstərir. Abortların həyata keçirilməsi üçün İctimai Sağlamlıq və İslahatlar Mərkəzi (İSİM) tərəfindən müvafiq protokollar mövcuddur. Eyni zamanda, təhlükəsiz abortlara dair klinik protokollar da tətbiq edilir”.


Həkim qeyd edib ki, hamiləlik bütün hallarda qadının istəyi ilə pozula bilməz:

“12 həftəyə qədər hamiləlik qadının istəyi əsasında pozula bilər. Lakin dölün cinsiyyəti 12-ci həftədən sonra müəyyənləşir. 12-ci həftədən sonra selektiv abort edildikdə, həkim də burada məsuliyyət daşıyır. Yəni, qadın 12-ci həftəyə qədər hamiləliyini sonlandıra bilər, lakin 12-ci həftədən sonra hamiləliyin pozulması üçün ciddi sosial və tibbi göstərişlər olmalıdır. Bu qərar həkim komissiyalarının rəyi əsasında həyata keçirilir.

2015-ci ildən Azərbaycanda diridoğulma meyarları dəyişib. Artıq 22 həftədən doğulan uşaqlar diridoğulma hesab edilir. Sosial göstərişlər çərçivəsində hamiləliyin pozulmasına rəy verilə bilər, əgər qadınla kişi boşanıbsa, qadının işi yoxdursa, evi yoxdursa və müvafiq sənədləri təqdim edirsə. Tibbi göstərişlərə isə körpənin həyatla uzlaşmayan tibbi qüsuru və ananın həyati təhlükədə olması daxildir”, o, bildirib.

Bəzən qadınlara hamiləlik dövründə sağlamlıqdan çox doğuşdan sonrakı mərasimlər və “parti”lər maraqlıdır

Həkimin sözlərinə görə, hamilə və ana olmağa hazırlaşan qadınlar öz sağlamlıqlarına ciddi yanaşmırlar:

“Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq və İslahatlar Mərkəzi (İSİM) tərəfindən bu məqsədlə mobil tətbiqlər yaradılıb. 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında həmin mobil tətbiqlərə əlçatanlığın artırılması bir sıra qurumlar tərəfindən qarşıya qoyulan əsas məqsədlərdən biridir.

Bu tətbiqlərə nümunə olaraq “Burla Xatun” mobil aplikasiyasını qeyd etmək olar. Biz ilkin səhiyyə xidmətinin hesabatlarında bu aplikasiyaların təbliği ilə bağlı məlumatların təqdim olunmasını tələb edirik. Hər bir hamilə qadın bu tətbiqlər vasitəsilə hamiləlik dövründə və hamiləlikdən sonrakı mərhələdə həm özünə, həm də körpəsinə qulluqla bağlı mühüm məlumatlar əldə edə bilər.

Bu yaxınlarda Yapon şirkətlərindən biri yazılım məqsədilə bura gəlmişdilər. Mən onlara mövcud aplikasiyalarımızı təqdim etdim. Onların hazırlamaq istədiyi proqram daha sadə idi. Bizim gördüyümüz işlərlə tanış olduqdan sonra xeyli təəccübləndilər və özləri üçün qeydlər apardılar”.

Komissiya sədri vurğulayıb ki, TƏBİB bu məsələlərə olduqca ciddi yanaşır:

“TƏBİB hər altı aydan bir doğuşayardım müəssisələrindən hesabat alarkən mobil aplikasiyalardan istifadə göstəricilərinə də xüsusi diqqət yetirir. Hamiləliyin ay-ay izlənməsi üçün ayrıca mobil tətbiqlərimiz mövcuddur. Hazırda doğuş, doğuşayardım, körpələrə qulluq və müxtəlif xəstəliklərlə bağlı ümumilikdə 13 mobil aplikasiya istifadəyə verilib. Bu tətbiqlər vasitəsilə qadınlar zəruri və etibarlı məlumatlarla təmin oluna bilərlər.

Təəssüf ki, bəzi hallarda qadınlar bu cür maarifləndirici tətbiqlərdən və məlumatlardan istifadə etməkdənsə, doğuşdan sonrakı mərasimlərə və “parti”lərə daha çox maraq göstərirlər”.

Evdə doğuş hallarında doğum haqqında şəhadətnaməni ancaq məhkəmə yolu ilə almaq mümkündür

Təranə Rəcəbli evdə doğuş hallarının yaratdığı problemlər və çətinliklərdən də söz açıb. Onun sözlərinə görə, evdə doğuş hallarında son üç il ərzində ana ölümü qeydə alınmasa da, ümumilikdə tibb işçilərinin ev şəraitində doğuş qəbul etməsi yolverilməzdir:

“Doğuş zamanı tibb personalının iştirak etməməsi isə xüsusilə yüksək risk daşıyır. Evdə baş verən doğuş hallarında doğum haqqında şəhadətnamənin alınması yalnız məhkəmə qaydasında mümkündür. Evdə doğuş və hamiləliyin pozulması halları hüquq-mühafizə orqanlarının nəzarət predmetinə daxildir.

Bu istiqamətdə apardığımız qiymətləndirmələr zamanı Gədəbəydə bir hadisə ilə rastlaşmışdıq. Bir qadın körpəsi ilə birlikdə doğum haqqında sənəd almaq üçün müraciət etmişdi. Onun üç övladı var idi və bildirmişdi ki, hər üçü ev şəraitində dünyaya gəlib.

Evdə doğuş hallarında əsas problemlər infeksiya və qanaxma risklərinin vaxtında aradan qaldırılmaması, doğuş zamanı baş verə biləcək ağırlaşmaların qarşısının alınmaması, profilaktik peyvəndlərin aparılmaması, eləcə də doğum haqqında şəhadətnamənin əldə edilməsində yaranan çətinliklərdir”.

HPV viruslu qadınlar təbii doğuş edə bilərlər

Təranə Rəcəbli HPV viruslu qadınlarda hamiləlik prosesinə də toxunub:

“Səhiyyə Nazirliyinin 26 may 2025-ci il tarixli 3-28/3-1-197/2025 nömrəli əmri ilə Uşaqlıq boyunu patologiyalarının birincili və ikincili profilaktikası üzrə klinik protokol tətbiq edilib. Bu protokollarda mama-ginekoloqlara HPV viruslu qadınların hamiləliyinin aparılması barədə konkret tövsiyələr verilir.

Qadınlara demək istərdim ki, xərçəngönü proseslərin profilaktikası məqsədilə mütəmadi olaraq müayinələrdən və skrininqlərdən keçmək vacibdir. Kolposkopiya və “Pap smear” testləri İcbari Tibbi Sığorta çərçivəsində ödənilir. HPV viruslu qadınlar təbii doğuş edə bilərlər”.

Eşitmə sinirinin problemi autizmlə səhv salınır

Son dövrlər uşaqlara autizm spektr pozğunluğu diaqnozunun artıb və autizmin hamiləlik dövründə yarandığına dair fərziyyələr də mövcuddur. Həkim isə bu fərziyyələrin sübuta yetirilmədiyini qeyd edib:

“Autizm spektr pozğunluğu əsrin bəlasıdır. Lakin autizmin təməlinin hamiləlik zamanı qoyulması barədə sübutlu mənbələr yoxdur.

Autizmin diaqnostikası bəzi hallarda eşitmə sinirinin patologiyaları ilə səhv salınır. Bu səbəbdən hazırda respublika üzrə bütün yenidoğulmuşlar doğulduğu gündən etibarən audiometriya skrininqindən keçirilir. Azərbaycanda bu skrininq testləri İcbari Tibbi Sığorta çərçivəsində həyata keçirilir.

2016-cı ildən etibarən “Ana və uşaq sağlamlığı” Dövlət Proqramı çərçivəsində audiometriya skrininqi tətbiq olunur. Hətta özəl tibb müəssisələrində ana olmuş qadınların körpələrinin də dövlət tibb müəssisələrində bu skrininqdən keçməsi təmin edilir. Audiometriya cihazları vasitəsilə eşitmə sinirinin funksional vəziyyəti yoxlanılır”.

Həkim qeyd edib ki, eşitmə siniri ilə bağlı problem vaxtında aşkarlanmadıqda, belə uşaqlara səhvən autizm diaqnozu qoyula bilər:

“Bu baxımdan, autizmin differensial diaqnostikasında ilk və əsas şərt eşitmə sinirinin müayinəsidir.

Eyni zamanda, eşitmə sinirinin patologiyasının yenidoğulmuş dövrdə vaxtında aşkarlanması və müalicəsi gələcəkdə uşağa koxlear implant qoyulmasının qarşısını ala bilər”.

Az qidalanma və istidə saxlamaq yenidoğulmuşda sarılıq yaradır

Cəmiyyətdə belə bir inam var ki, qeysəriyyə əməliyyatı ilə doğulan uşaqlarda sarılıq inkişaf edir. Təranə Rəcəbli isə bu fikirlərin əsassız olduğunu qeyd edib:

“Uşaqda patoloji sarılığın inkişaf etməsinin qeysəriyyə əməliyyatı ilə heç bir əlaqəsi yoxdur. Sarılıq müxtəlif səbəblərdən yarana bilər.

Ana südü, qan qrupu uyğunsuzluğu və irsi xəstəliklər patoloji sarılığın əsas səbəblərindəndir. Bundan əlavə, yenidoğulmuşun həddindən artıq isti mühitdə saxlanılması, düzgün qidalanmaması və infeksiyalar da sarılığa gətirib çıxara bilər.

Bu səbəbdən fizioloji və patoloji sarılığın düzgün differensial diaqnostikası, eləcə də patoloji sarılığın vaxtında və düzgün müalicəsi böyük əhəmiyyət kəsb edir. Az çəkili, vaxtından əvvəl doğulmuş və infeksiyalaşmış yenidoğulmuşlarda sarılıq daha uzun müddətli və intensiv şəkildə müşahidə olunur”.

Müayinələrdən keçmədən, çəki artımının səbəblərini dəqiqləşdirmədən pəhriz marafonlarına qoşulmaq təhlükəlidir

Komissiya sədri arıqlamaq üçün marafonlara qoşulan qadınlara xəbərdarlıq da edib. Onun sözlərinə görə, bu cür marafonlar gələcəkdə bir xeyli problemlərə yol aça bilər:

“Hamiləlik dövründə normal çəki artımı 10–16 kiloqram arasında olmalıdır. Doğuşdan sonra bu artıq çəkinin təxminən 8–10 kiloqramı təbii şəkildə azalır. Təəssüf ki, doğuş və zahılıq dövrünü ağırlaşdıran xəstəliklər arasında anemiya və maddələr mübadiləsi pozğunluqları üstünlük təşkil edir. Eyni zamanda piylənmə və endokrin pozğunluqların artımı da müşahidə olunur.

Hamilələrə göstərilən antenatal xidmət üzrə klinik protokollarda diqqətdə saxlanılan əsas göstəricilərdən biri boy-çəki indeksidir. Protokola uyğun olaraq şəkər mübadiləsinin və hormonal göstəricilərin nəzarətdə saxlanılması vacib şərtlərdəndir. Həkim nəzarəti və balanslaşdırılmış qidalanma qadının həm hamiləlik dövründə, həm də doğuşdan sonra normal boy-çəki indeksini qorumasına kömək edir”.

Həkim qeyd edib ki, azhərəkətlilik isə həddindən artıq çəki artımına səbəb ola bilər: “Doğuşdan sonrakı ilk altı ay ərzində qadınlar çəki vermək məqsədilə pəhriz proqramlarına aludə olmamalıdırlar. Altı aydan sonra isə çəkinin azaldılması məsələsi həkim məsləhəti ilə gündəmə gətirilə bilər. Nəzərə almaq lazımdır ki, hamiləlik və zahılıq dövrü qadın orqanizminin ən həssas mərhələlərindən biridir. Bu dövrlərdə sağlamlığın sosial şəbəkələrdə yayılan marafonlara, eləcə də heç bir tibbi müayinə aparılmadan qeyri-peşəkar şəxslər tərəfindən tərtib edilən pəhrizlərə həvalə edilməsi yolverilməzdir.

Çəki artımının yeganə səbəbi alimentar, yəni qidalanma amili deyil. Bəzi hallarda tövsiyə edilən arıqlama çayları ciddi sağlamlıq riskləri yarada bilər. İlk baxışdan təhlükəsiz görünən bu cür qeyri-peşəkar yanaşmalar sonradan ağır fəsadlara gətirib çıxara bilər. Azhərəkətlilik, kalori balansının pozulması və endokrin xəstəliklər çəki artımına səbəb olan əsas amillər sırasındadır.

Bu tip marafonları təşkil edən şəxslər əksər hallarda qeyri-peşəkar olurlar. Müayinələrdən keçmədən və çəki artımının səbəbi dəqiqləşdirilmədən pəhriz tətbiq etmək təhlükəlidir. Bu cür pəhrizlər vasitəsilə qısa müddətdə çəki vermək mümkün olsa da, bir müddət sonra daha artıq çəki yığılması müşahidə edilir. Çünki bu yanaşmalar maddələr mübadiləsinin bütün mexanizmlərini pozur”.

Süni mayalanmanın qanunla tənzimlənməməsi və klinik protokolların olmaması genefondun gələcəyini təhlükə altına salır

Təranə Rəcəbli süni mayalanma, folikul donorluğu sahələrində mövcud problemlərə də diqqət çəkib. Həkimin sözlərinə görə, reproduktiv sağlamlıq haqqında qanunun qəbul olunmaması, süni mayalanma sahəsində klinik protokolların olmaması bu sahədə ciddi boşluqlar yaradır və genefondun gələcəyi üçün risklər formalaşdırır:

“Azərbaycanda orqan transplantasiyası haqqında qanun mövcuddur. Bütün hüceyrələrin donorluğu və saxlanılması üçün müvafiq bank yaradılıb. Lakin süni mayalanma üçün donor hüceyrələrin saxlanılması məqsədilə bank yoxdur. Bu, gələcəkdə genetik xəstəliklərin artmasına gətirib çıxara bilər. Bəzi özəl müəssisələrdə folikul donorluğu həyata keçirilir, lakin bunun üçün hüquqi baza mövcud deyil. Burada donor olan insanların müayinəsi aparılırmı? Həmin müəssisələrdə folikul donoru olan qadınlar öz orqanizmlərinə necə zərər vurduqlarının fərqində olmaya bilərlər. Bunu sadəcə pul qazanmaq yolu kimi seçənlər də var. Amma bu prosesdə onlara nə qədər hormonal preparat yeridildiyini nəzərə almırlar. Donor olan şəxslər barədə ümumi məlumat bazasının yaradılması zəruridir”.

Təranə Rəcəbli folikul donorluğunun qadın orqanizmi üçün ciddi təhlükələr yaratdığını da bildirib. O qeyd edib ki, qadınların sırf əkiz döl üçün süni mayalanmaya üz tutması da yolverilməzdir:

“Xarici ölkələrdə süni mayalanma zamanı ciddi müayinələrdən keçilir. Bəzən sırf əkiz döl üçün süni hamiləliyə müraciət edənlər də olur. Amma nəzərə alınmalıdır ki, təkdöllü hamiləlik qadın orqanizmi üçün daha sağlamdır. Vaxtından əvvəl doğulmaların ən çox səbəblərindən biri də süni mayalanma ilə çoxdöllü hamiləliklərdir.

Avropada təbii əkiz hamiləlik hər 287 hamiləlikdən birində rast gəlinir. Ən çox əkiz uşaq İrlandiyada doğulur. Əkiz hamiləlikdə genetikanın mühüm rolu var. Sırf əkiz uşaq üçün süni mayalanmaya üz tutmaq yolverilməzdir. Üçəm, dördüz və daha çoxdöllü hamiləlik ana və uşaq üçün ciddi riskdir.

Reproduktiv sağlamlıq haqqında qanunun qəbul edilməsi ölkədə demoqrafik göstəricilərin yaxşılaşmasına, genefondun sağlamlaşdırılması və qorunmasına gətirib çıxaracaq. Eyni zamanda reproduktiv texnologiyaların tətbiqinə hüquqi baza yaradılacaq, səhiyyənin inkişafına və tibbi xidmətdə beynəlxalq standartların tətbiq imkanlarının artmasına səbəb olacaq”.

Süni intellektin tibbdə tətbiqi zəruri olmaqla yanaşı, müəyyən risklər də yarada bilər

Süni intellektin tibbdə, səhiyyə sistemində tətbiqi məsələsindən danışan komissiya sədri bununla bağlı narahatlıqlarını dilə gətirib. Onun sözlərinə görə, həkim və orta tibb işçiləri süni intellektlə işləmək bacarıqlarına malik olmaq üçün müvafiq təlimlər almalıdır:

"Süni intellekt artıq səhiyyə sisteminə daxil olub. Lakin burada vacib bir sual yaranır: süni intellekt səhv etsə, məsuliyyəti kim daşıyacaq? Süni intellektin tibbdə tətbiqi zəruri olmaqla yanaşı, müəyyən risklər də yarada bilər. Buna görə də bu sahədə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi vacibdir.

Mənim fikrimcə, süni intellekt tibbdə yalnız köməkçi vasitə kimi istifadə olunmalıdır və heç vaxt həkimi əvəz edə bilməz", komissiya sədri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti