2005-ci ilin birinci yarımilində Azərbaycana 677 mindən artıq xarici vətəndaş gəlib. Bu barədə Trend ə Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyində xəbər verilib.
Nazirliyin məlumatına görə, əgər 2002-ci ildə Azərbaycana gəlmiş xarici vətəndaşların sayı 834 min idisə, 2003-cü ildə bu göstərici 1 milyon 13 min, 2004-cü ildə isə 1 milyon 348 min təşkil edib. 2002-cü ildə Azərbaycana 428 min, 2003-cü ildə 629 min, 2004-cü ildə isə 855 min turist gəlib.
Əgər 2001-ci ildə ölkədə 149 mehmanxana fəaliyyət göstərirdisə, indi bu rəqəm 242-yə çatıb. Respublikada sahibkarlığın inkişafına yönəldilmiş tədbirlər turizm sektorunda çalışan işgüzar adamlar üçün stimul yaradıb. Nəticədə Bakıda və respublikanın regionlarında beynəlxalq standartlara uyğun mehmanxanalar və istirahət mərkəzləri tikilərək istismara verilib.
Mehmanxanalarda göstərilən xidmətlərin səviyyəsini qiymətləndirmək üçün Nazirlər Kabinetinin qərarı ilə "Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması" qaydaları təsdiq olunub. Bu qaydalara uyğun olaraq bu vaxta qədər Bakıda 17, digər şəhər və rayonlarda isə 7 mehmanxana göstərdikləri xidmətlər üzrə dərəcələr alıb.