...

3-cü polis bölməsinin sabiq rəisinin məhkəməsinə hazırlıq iclası keçiriləcək

Cəmiyyət Materials 1 Fevral 2006 15:28 (UTC +04:00)

Fevralın 10-da Suraxanı rayon Məhkəməsində Əzizbəyov rayon Polis İdarəsinin 3-cü bölməsinin sabiq rəisi, polis mayoru Qurban Hüseynovun məhkəməsinə hazırlıq iclası keçirilicək. Bu barədə Trend ə Suraxanı rayon Məhkəməsinin sədri Vəfadar İbayev məlumat verib.

Məhkəmə baxışı Vəfadar İbayevin öz icraatındadır. Əzizbəyov rayon Prokurorluğu tərəfindən aparılmış ibtidai istintaq yolu ilə müəyyən edilib ki, Qurban Hüseynov avqustun 29-da öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxaraq həmin polis bölməsinin əməliyyat müvəkkili İsmayıl Məmmədovu döyərək bədən xəsarətləri yetirib.

Avqustun 30-da isə polis rəisinin bu əməlinə görə Əzizbəyov rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb. Qurban Hüseynovdan barəsində başqa yerə getməmək haqqında iltizam alınıb və o, istintaqa cəlb edilib. Sentyabrın 3-də isə cinayət işi materiallarının qovluğu Əzizbəyov rayon Prokurorluğundan Bakı Şəhər Prokurorluğuna göndərilib və istintaq həmin Prokurorluğun İstintaq İdarəsində davam etdirilib.

Bakı Şəhər Prokurorluğunda aparılmış istintaq zamanı aydın olub ki, polis rəisi Qurban Hüseynov bölmənin cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili, polis mayoru İsmayıl Məmmədovu işə gecikdiyinə görə döyüb. Ekspertiza müayinəsi zamanı zərərçəkənin alt çənəsinin ikitərəfli sınığı, baş-beyin silkələnməsi, sağ bazunun, sağ kürək və sağ bud nahiyələrinin əzilmiş-sıyrılmış yaralarından ibarət xəsarətlər qeydə alınıb.

Qeyd edək ki, ötən ilin noyabr ayında bu iş üzrə materiallar Əzizbəyov rayon Məhkəməsinə göndərilmişdi və məhkəmənin sədri Araz Kazımovun icraatında idi. Lakin hazırlıq iclasında zərərçəkən tərəf işə həmin məhkəmə tərəfindən baxılmasına etiraz etmişdi və bununla bağlı apellyasiya şikayəti vermişdi. Şikayət Apelyasiya Məhkəməsi tərəfindən təmin edilmiş və iş üzrə materiallar Suraxanı rayon məhkəməsinə göndərilmişdi.

Xəbər lenti

Xəbər lenti