"Macarıstan qanunlarına görə Ramil Səfərova ömürlük həbs cəzası verilməsi istisna deyil. Amma belə bir hökmün çıxarılması üçün heç bir əsas yoxdur". Bu fikirləri Trend ə millət vəkili, Ramil Səfərovun hüquqlarını müdafiə komitəsinin üzvü Azay Quliyev bildirib.
Qeyd edək ki, Budapeşt şəhər məhkəməsində işinə baxılan Azərbaycan ordusunun zabiti Ramil Səfərovla bağlı növbəti iclas aprelin 13-də keçiriləcək. A.Quliyevin sözlərinə görə, bu prosesdə hakim R.Səfərovla bağlı 4 ekspertizanın rəyini bir daha müqayisə edəcək: "Yaxşı olardı ki, həmin rəyləri verən həkimlər də məhkəmə iclasına dəvət olunsun, öz fikirlərini ifadə etsinlər. Çünki bu, məhkəmə qərarına təsir göstərə bilər".
A.Quliyev onu da deyib ki, R.Səfərovun Azərbaycana ekstradisiyası barədə iəs danışmaq hələ tezdir. Həm də bu məsələni gündəmə gətirmək və qabartmaq Azərbaycan tərəfinin ziyanınadır: "Çünki ermənilər bundan sui-istifadə edir, bəyan edirlər ki, guya Azərbaycan tərəfi Ramil Səfərovu azadlığa buraxmaq istəyir. Məhkəmədə ədaltəli qərar qəbul olunandan sonra ekstadisiya məsələsinə baxmaq olar".