...

İqtisad Məhkəməsi hakiminin öldürülməsi ilə bağlı ibtidai istintaq başa çatıb

Cəmiyyət Materials 17 Aprel 2006 13:43 (UTC +04:00)

Dekabrın 23-də Azərbaycan Respublikası İqtisad Məhkəməsinin hakimi Solmaz Əsgərovanın məhkəmə binası qarşısında öldürülməsi ilə bağlı ibtidai istintaq başa çatıb. Bu barədə Trend ə Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsindən məlumat verilib.

İbtidai istintaq yolu ilə müəyyən edilib ki, hakim dekabrın 23-də axşam saatlarında İqtisad Məhkəməsinin inzibati binası qarşısında qəfil hücuma məruz qalıb. Hakimə bir neçə bıçaq xəsarəti yetirilib və o, hadisə yerində dünyasını dəyişib. Hadisədən az sonra Yasamal rayon Polis İdarəsinə gedən Bakı şəhər sakini Babək Rzayev cinayəti könüllü şəkildə etiraf edib. Məlum olub ki, B.Rzayev hakimin keçmiş əridir.

O, ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, S.Əsgərova ilə bir neçə il əvvəl nikahlarını rəsmi qaydada pozduqdan sonra birgə mülkiyyətlərində olan daşınan və daşınmaz əmlaklara keçmiş arvadı sahib olub. Belə olan halda Babək Rzayev vətəndaşlıqdan imtina etmək qərarına gəlib. Dekabrın ortalarında Solmaz Əsgərovaya zəng vuraraq Rusiyaya getmək və orada vətəndaşlıq almaq üçün keçmiş arvadından ona kömək etməsini xahiş edib. S.Əsgərova isə bundan imtina edib.

Bu söhbətdən sonra Babək Rzayev keçmiş arvadından qisas almaq məqsədilə bıçaqla silahlanıb, İqtisad Məhkəməsinin qarşısına gələrək S.Əsgərovanın binadan çıxmasını gözləyib. İş gününün sonunda binadan çıxan S.Əsgərovaya hücum edərək ona bıçaq zərbələri endirməklə qətlə yetirib.

Yaxın günlərdə iş baxılmasü üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndəriləcək.

Xəbər lenti

Xəbər lenti