Budapeşt şəhər məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan ordusunun zabiti Ramil Səfərovun hüquqlarının müdafiəsi ilə bağlı internetdə forum yaradılıb. Bu barədə Trend ə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, Ramil Səfərovun hüquqlarını müdafiəsi üzrə Koordinasiya Şurasının üzvü Akif Nağı məlumat verib.
O, bildirib ki, www.azerall.info saytında Ramil Səfərovun hüquqlarını müdafiəsi şurası tərəfindən forum açılıb. Forumda məlumatlar Azərbaycan, rus, ingilis və macar dillərində çıxır. Akif Nağı bildirib ki, bu məlumatlar Macarıstanın kütləvi informasiya vasitələrinə də göndərilir, onun barəsində obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılmasına səy göstərilir. Formuda hüquqşünaslarla Ramil Səfərovun işi barəsində söhbətlər aparılır. Aprelin 26-da saat 12.00-da tanınmış hüquqşünaslardan biri Forumun qonağı olacaq, onunla söhbətlər aparılacaq.
A.Nağı onu da qeyd edib ki, Qarabağ Azadlıq Təşkilatı Ramil Səfərovun Azərbaycana verilməsini zəruri sayır və bunu tələb edir: "Çünki Budapeştdə Ramil Səfərovun həyatı təhlükədədir. Azərbaycan hökuməti heç olmasa bundan sonra onun həyatını mütləq xilas etməlidir. Həmçinin biz hesab edirik ki, Ramil Səfərovun işinə NATO-nun xətti ilə Hərbi Tribunalda baxılmalıdır. Budapeşt şəhər məhkəməsi qərəzli mövqeyini artıq nümayiş etdirib və biz ədaləti başqa məhkəmədə axtarmalıyıq". QAT sədri onu da bildirib ki, Azərbaycanın daxilində Ramil Səfərovla bağlı həyata keçirilən tədbirləri, etiraz aksiyalarının qarşısının alınması düzgün deyil. Onun fikrincə, Azərbaycan ictimaiyyətinin R.Səfərovla bağlı çıxarılmış ədalətsiz hökmə qəti etirazının açıq şəkildə nümayiş etdirilməsi, bunun Macarıstan ictimaiyyətinə və məhkəmə sisteminə çatdırılması zabitimizin ziyanına deyil, xeyrinə ola bilər.