...

Ekologiya və təbii sərvətlər nazirliyi sahil zolağında çimərlik zonalarının monitorinqini keçirib

Cəmiyyət Materials 2 May 2006 16:49 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycana mənsub 955 km-lik sahil zolağında çimərlik zonalarının monitorinqini keçirib. Bu haqda Trend ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Monitorinq nəticəsində mühüm rekreasiya əhəmiyyətli qızılı qumsallıqlarda ekoloji vəziyyətin o qədər də qənaətbəxş olmadığı müəyyən edilib. Səviyyə tərəddüdü, baxımsızlıq, çimərliklərin inkişafı, qorunması və s. sahələrdə perspektiv planların olmaması, 130 metrlik sahil zolağının qeyri-qanuni zəbt edilməsi və 42-128. 4690-88 saylı sanitar norma və qaydalara riayət edilməməsi faktları aşkar edilib. Tullantıların idarə olunmaması nəticəsində güclü antropogen təsirə məruz qalan çimərliklərin əksəriyyəti xoşacəlməz vəziyyətdədir.

Təkcə Nabran çimərliyinin 20%-ə qədəri bataqlıqlar altında qalıb, dəniz suyunun keyfiyyət göstəriciləri isə bir çox inqrediyentlər (fenollar, neft məhsulları, ağır metallar, SSAM və s.) üzrə normadan dəfələrlə yüksəkdir.

Bundan başqa, Sumqayıt inzibati ərazisində 34 km-lik sahil xəttinin yalnız 6 km-ə qədəri çimərlik üçün yararlı vəziyyətdədir. Çimərlik mövsümə hazır deyil, kənarları bərk tullantılarla çirklənmişdir. Ərazidən dənizə 12 qarışıq axar qeydə alınmışdır. Çimərliyin cənub-şərq hissəsində "Tural" İstirahət Mərkəzindən Sumqayıta doğru istiqamətdə qarışıq çirkab su axarları 3,5-4,0 hektar ərazini bataqlığa çevirib. Corat qəsəbəsində də 5 axar sahilboyu ərazini tam yararsız hala salıb. Sumqayıt şəhərinin şərqində təbii relyefinə görə çimərlik üçün əlverişli olan sahə də şəhər axarlarının dənizə yönəldilməsi nəticəsində tamamilə əks istiqamətə yönəlmişdir. Sumqayıtın bağ sahələri yerləşən ərazidən ("Metallurq" sanatoriyasının şimal hissəsi) başlayaraq, H.Z.Tağıyev adına qəsəbəyədək sahil xətti də çimərlik üçün tam yararsızdır.

Bakı şəhərinin mərkəzinə yaxın olan Novxanı çimərliyinin 4000 m2-i bu gün bataqlıqlaşıb. Sahil xəttinin əsas çimərlik xətti 800 metrə yaxındır. Dəniz səviyyəsinin tərəddüdü nəticəsində infrastruktur su altında qalıb. Çimərlik sahəsi hissə-hissə zəbt olunaraq hasara alındığından, axıdılan məişət-fekal sular ekoloji durumu daha da gərginləşdirir. 1695 m uzunluğu olan Nardaran çimərliyi də dəniz səviyyəsinin qalxması nəticəsində yuyulmuş və öz əhəmiyyətini itirmişdir.

Bundan başqa, Mərdəkan çimərliyinin (sahil xətti 1400 metrdir) 40%- su altında qalıb. Çimərlik qərbdən kurort-sanatoriya kompleksi və dəmir yolu ilə hüdudlanan, Mərdəkan-Şüvəlan Mexaniki Təmizləyici Qurğusunun dənizə çıxışından başlayaraq, Buzovna qəsəbəsinin qarşısındakı köhnə estakadalara kimi uzanan hamar düzənlikdən və bir hissəsi su altında qalan qayalıqlardan ibarətdir. Estetik görkəminə görə digər çimərliklərdən fərqlənən ərazidə qumla örtülü sahil zolağı da gigiyenik nöqteyi-nəzərdən təmizdir. Çimərlik ərazisində məişət-fekal və istehsalat suları qarışığından götürülmüş nümunələrin tərkibində neft məhsulları-18,0, SSAM-2,0, ammonium ionları-6,5, nitritlər-4,0, asılı maddələr-2,8 dəfə normadan yüksək müəyyən edilmişdir. Bakterioloji analizin nəticələri, koli-indeksin çimərliyin mərkəzi hissəsində-100, sağ və sol sahil hissələrində isə 14 dəfə normadan artıq olduğunu göstərir.

Zuğulba çimərliyi eyniadlı qəsəbənin dəniz sahilində ensiz bir zolağı (300 m) əhatə edir. Dəniz səviyyəsinin tərəddüdü nəticəsində çimərliyin 50%-ə qədəri və avadanlıqlar su altında qalıb və bəzi yerlərdə artıq bataqlıqlar əmələ gəlməyə başlayıb. Götürülmüş su nümunələrində ammonium ionları-2,0, nitritlər-1,5 dəfə normadan yüksək müəyyən edilib. Bakterioloji analizin nəticəsinə görə koli-indeks normadan 3 dəfə çox olmuşdur.

Bilgəh çimərliyinin uzunluğu 250 m-ə yaxındır. Çimərlik Sanatoriyanın yerləşdiyi terrasın ətəyinə kimi su altında qalıb. Abşeronda yeganə ərazilərdən biridir ki, çimərlikdə sahil boyu yuyulma vaxtı gətirmə məhsulların toplanması gedir. Nəticədə sanatoriyanın yaxınlığından başlayaraq, Bilgəh bağlarının qurtaracağına kimi son illər ərzində 8-10 km-lik məsafədə 4 m-ə yaxın hündürlükdə mərcan qumu qalıqları toplanıb. Bakı şəhər İcra Hakimiyyətinin sərəncamları əsasında həmin ərazidən uzun illər boyu tikinti və asfalt bişirilməsi üçün qum daşınması nətiicəsində 10 hektara yaxın sahədə çuxurlar əmələ gəlib və sonradan onlar zibil tutarlarına çevrilib. Götürülmüş su nümunələrinin tərkibində ammonium ionları-2,8, nitritlər-1,7 dəfə normadan yüksək müəyyən edilmişdir.

Pirşağı çimərliyinin sahil xəttinin uzunluğu 1500 m-dir. Bu çimərlik Abşeronda Bilgəhdən sonra ikincidir ki, bəzi hissələrdə yuyulma prosesi ilə yanaşı, digər sahələrdə gətirilmə prosesi də gedir. Çimərlik demək olar ki, istirahət üçün tam yararsızdır.

Buzovna çimərliyinin 700 m-lik sahil xəttinin 40-50%-i su altında qalmışdır. Çimərlik Buzovna qəsəbəsinin yerləşdiyi 3-10 m yüksəklikdəki terrasın ətəyindən başlayaraq, dəniz sahilinə kimi hamar ərazini əhatə edir. Qəsəbədən axıdılan tullantı sularının yeraltı qrunt sularına sızdığı böyük sahədə bataqlıqlar əmələ gəlmişdir. Çimərliyin şimal qurtaracağında qayıqlarla əhatə olunmuş kiçik ərazi müstəsna olmaqla, bütün sahə rekreasiya əhəmiyyətli qumlardan ibarətdir.

Şıx çimərliyinin sahil xəttinin uzunluğu 4610 m-dir, ümumi sahəsinin 30%-ə qədəri su altında qalıb.

Lökbatan çimərliyi 600 m sahil xəttinə malikdir və onun 80%-i su altında qalıb. Çimərliyin mərkəzindən sağa doğru 50 m məsafədə təmiz qumla örtülü ensiz sahə mövcuddur. Ərazi ümumilikdə çimərlik üçün yararsız vəziyyətdədir.

Sahil xəttinin uzunluğu 600 m olan Qaradağ (Sahil) çimərliyi mövcud şəraitə, içməli su təchizatına görə çimmək üçün yararlı olsa da, çoxsaylı zibilliklər və Bioloji Təmizləyici qurğudan dənizə yönəldilən çirkab su axarları burada antisanitar vəziyyətdən xəbər verir.

"Lənkəran rayonunda çimərlik üçün yararlı olan sahil ərazisi 3500 m-dir. Bu ərazi relikt qum ehtiyatlarına malik olduğundan, rekreasiya və müalicə məqsədləri üçün mühüm əhəmiyyət kəsb edir. Regionda turizmin inkişafı üçün əlverişli şəraitin olduğunu nəzərə alsaq, çimərliklərdən səmərəli istifadə olunmasına da böyük əhəmiyyət verilməlidir.

Lənkərançayın Xəzərə qovuşduğu yerin sağ sahilində yerləşən çimərlikdə mövsümə hazırlıq işləri aparılmamış və çimərliyin cənub tərəfindən (Sütəmürdov qəsəbəsi) əraziyə axıdılan istehsalat suları həm sahildə, həm də sahil sularında antisanitar vəziyyət yaradıb.

Astara rayonunda çimərlik üçün yararlı olan sahil ərazisi 2000 m-dir. Astara çimərliyinin cənub tərəfində çirkab suların əmələ gətirdiyi bataqlıqla yanaşı, bərk tullantıların atıldığı qanunsuz zibilxanalar da mövcuddur.

Xəbər lenti

Xəbər lenti