...

Ramil Usubov "Milli yol" qəzetinin baş redaktoruna qarşı iddialarını geri götürüb

Cəmiyyət Materials 21 Avqust 2006 18:04 (UTC +04:00)

Avqustun 21-də Azərbaycanın daxili işlər naziri Ramil Usubovun "Milli yol" qəzetinin baş redaktoru Şahin Ağabəyliyə qarşı qaldırdığı iddiasına dair Bakı şəhəri, Nəsimi rayon Məhkəməsində keçirilmiş məhkəmə iclasında hakim Hilal Xəlilov elan edib ki, nazir baş redaktora qarşı iddialarını geri götürüb. Trend xəbər verir ki, nazir R.Usubov qəzetdə barəsində dərc olunmuş yazılara görə şərəf və ləyaqətinin tapdalanması, o cümlədən işgüzar nüfuzuna xələl gətirilməsi ilə bağlı iddia qaldırmışdı.

Nazir məhkəmədə həm mülki, həm də xüsusi ittiham qaydasında iddia qaldırdığı üçün Ş.Ağabəylinin üzərində iki məhkəmə keçirilib. Nazirin ilk iddiası Ş.Ağabəylinin həbs edilməsindən, ikinci iddiası isə 5.000 yeni manatla cərimələnməsindən ibarət olub. Hər iki iddiayla bağlı ayrı-ayrılıqda keçirilmiş məhkəmə iclaslarında Ş.Ağabəylinin qəzet vasitəsiylə üzr istədiyi nəzərə alındığından məhkəmə işlərinə xitam verilib.

Qeyd edək ki, Milli Məclisin deputatı Arif Rəhimzadənin şərəf və ləyaqətinin təhqir olunmasına dair Nəsimi rayon Məhkəməsində Ş.Ağabəyliyə qarşı qaldırdığı iddia əsasında avqustun 11-də Ş.Ağabəyli 1 il müddətinə azadlıqdan məhrum edilib və hazırda 1 saylı istintaq təcridxanasında saxlanılır.

Xəbər lenti

Xəbər lenti