...

Hacı Məmmədovun məhkəməsində keçmiş polis əməkdaşı Ədalət Əsədullayev prokurorların suallarını cavablandırıb

Cəmiyyət Materials 10 Oktyabr 2006 15:05 (UTC +04:00)

Oktyabrın 10-da Hacı Məmmədovun məhkəməsində təqsirləndirilən şəxs, keçmiş polis əməkdaşı Ədalət Əsədullayev prokurorların suallarını cavablandırıb. Trend xəbər verir ki, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi 25 nəfərdən ibarət bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Qeyd edək ki, ibtidai istintaqın qənaətinə görə, Binəqədi rayon Polis İdarəsinin polis nəfəri olmuş Ə.Əsədullayev banda üzvü olmaqla xalq artisti Afaq Məlikovanın evinə basqında, Nazim Paşayevin, Elşən Həsənovun, Cavid Manafovun oğurlanmasında iştirak edib. Lakin təqsirləndirilən şəxs bir sıra adam oğurluqları ilə bağlı ona qarşı irəli sürülmüş ittihamları məhkəmədə təsdiqləməyib.

Ə.Əsədullayev suallara cavab olaraq bildirib ki, 1979-cu ildə Sverdlovskdə milis orqanında işləyərkən dəstə üzvü Hüseyn Abdulvahabovla tanış olub. Sonradan bu münasibətlər Bakıda davam edib. "Mən Hüseynlə ailəvi dost olmuşam, sonralar onun vasitəsi ilə dəstənin digər üzvlərini tanımışam, ancaq bu adamların cinayətlər törətməsindən xəbərim olmayıb. Sonradan məni bandanın üzvü kimi təqdim ediblər. 1995-ci ilin mart ayında həbs olunanda bilmişəm ki, məni 10-12 il əvvəl törədilmiş 5 cinayətdə təqsirləndirirlər. İstintaq materialları arasındakı etirafedici ifadələrim isə məndən təzyiq yolu ilə alınıb " - deyə Ə.Əsədullayev bildirib.

Məhkəmə iclası Ə.Əsədullayevin prokurorların suallarını cavablandırması ilə davam edir.

Xəbər lenti

Xəbər lenti