...

Dekabrın 13-dən 16-dək Bakıda "Start" III Beynəlxalq Tələbə Filmləri festivalı keçiriləcək

Cəmiyyət Materials 8 Dekabr 2006 15:13 (UTC +04:00)

Dekabrın 13-dən 16-dək Bakıda "Start" III Beynəlxalq Tələbə Filmləri festivalı keçiriləcək. Bu barədə Trend ə beynəlxalq festivalın təşkiat komitəsindən məlumat verilib.

"Cinema" Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən 2004-cü ildə təsis olunmuş "START" Tələbə Filmləri Festivalı Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, "Azercell" şirkətinin baş sponsorluğu və "24k" kinoatelyesi, "EXA" və "Ritm" prodakşnlarının təşkilati dəstəyi ilə keçirilir. Artıq üçüncü dəfədir təşkil olunan festivalın şərtlərində ciddi dəyişikliklər baş verməyib. Əvvəlki illərdə olduğu kimi bu il də qaliblər beş nominasiya üzrə müəyyənləşdiriləcək. Həmin nomiansiyalar aşağıdakılardır:

"Ən yaxşı film" - "Qran-pri" - baş mükafat - 500 yeni Azərbaycan manatı;

"Ən yaxşı bədii film" - I yer - 400 manat; II yer -300 manat;

"Ən yaxşı sənədli film" - I yer - 400 manat; II yer - 400 manat.

Bunlardan əlavə, bu il öz işləri ilə digərlərindən seçilməyi bacarmış beş tələbə fərqlənmə diplomu ilə təltif ediləcək. Həmçinin münsiflər heyəti bir nəfər tələbəni "ən yaxşı ideya"ya görə mükafatlandıracaq. Festivalın təşkilat komitəsi "ən yaxşı ideya" sahibini mükafatlandırmağı ənənəyə çevirmək fikrindədir. Festivalın beynəlxalq statuslu olduğunu nəzərə alaraq bu il filmləri beynəlxalq jüri qiymətləndirəcək. Münsiflər heyəti beş nəfərdən ibarətdir.

Bu il "START" Tələbə Filmləri Festivalına 9 ölkədən - Bolqarıstan, Özbəkistan, Türkiyə, İran, Gürcüstan, Macarıstan, Qırğızıstan, Qazaxıstan və Azərbaycandan təxminən 90 film daxil olub. Festivalın seçim komissiyası onların hamısına baxandan sonra müsabiqə proqramı üçün 46 film seçib. Bu filmlərin hamısı tələbə işləridir. Seçim zamanı orijinal ideyaya, maraqlı süjet həllinə, müəllif yozumuna diqqət yetirilib.

Xəbər lenti

Xəbər lenti