Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə texniki peşə məktəbləri bərpa olunacaq. Bu barədə Trend in Qərb bürosu Gəncə şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizova istinadən xəbər verir.
E. Əzizov bildirib ki, şəhərdə xüsusi peşə qabiliyyətinə malik işçilərə böyük ehtiyac var. Lakin bu cür bacarıqlara yiyələnmək üçün texniki peşə məktəblərinin əksəriyyəti fəaliyyət göstərmir. "Hazırda Təmizlik İdarəsində 60-a yaxın boş vakant iş yeri var və hər birinin məvacibi təxminən 100-120 manatdır. Lakin heç kim burada işləmək istəmir. İşləyənlərin çoxu orta məktəbi bitirənlərdir. Onlar isə heç bir peşəyə malik deyillər. Məhz buna görədə Texniki peşə məktəblərinin bərpasına ehtiyac böyükdür".
İcra başçısı qeyd edib ki, artıq Təhsil Nazirliyi ilə birgə texniki peşə məktəblərinin bərpası məsələsi üzərində məsləhətləşmələr aparılıb. "Təhsil naziri ilə də bu barədə söhbətlərimiz oldu. Qoy orta məktəbi kafi qiymətlərlə bitirən gənclər peşələrə yiyələnsinlər ki, gələcəkdə işlə təminatda çətinlik çəkməsinlər", - deyə E. Əzizov bildirib.
Şəhər rəhbəri həmçinin əlavə edib ki, bu məsələ ilə əlaqədar Gəncə Təhsil İdarəsinə artıq xüsusi tapşırıq verilib.