Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Gürcüstanın Pankisi dərəsində hərbi təlimlər keçməkdə təqsirləndirilən Firdovsi Yusifov barəsindəki məhkəmə hökmündən apellyasiya şikayəti veriləcək. Vəkil Elman Osmanov bazar ertəsi Trend ə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılması Apellyasiya Məhkəməsindən xahiş olunacaq. Vəkilin sözlərinə görə, Yusifov Cinayət Məcəlləsinin 279.1-ci (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) maddəsi ilə ittiham olunaraq 6 il azadlıqdan məhrum edilib. Osmanov bildirib ki, Yusifov hərbi əməliyyatlarda iştirak etməyib. O həmçinin qeyd edib ki, Gürcüstanın Pankisi dərəsində keçirilən əməliyyatlarda iştirak etməyən şəxslərə amnistiya tətbiq olunub: "Firdovsi Yusifov da həmin əməliyyatlarda iştirak etməyib. O, yalnız təlimlərdə iştirak edib".