...

Azərbaycanın sabiq iqtisadi inkişaf nazirinin şikayəti üzrə Avropa Məhkəməsi ilə yazışma başlayıb

Cəmiyyət Materials 14 May 2007 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin İnsan haqları üzrə Avropa Məhkəməsinə verdiyi şikayətlə bağlı kommunikasiya (yazışma) başlayıb. Azərbaycan dövlətinin Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bazar ertəsi Trend ə bildirib ki, Əliyevin şikayəti ilə bağlı Avropa Məhkəməsi müəyyən məlumatları tələb edir. Əsgərovun sözlərinə görə, kommunikasiya yeni başladığından iş tam öyrənilməyib. Azərbaycan avqusta qədər Avropa Məhkəməsinə bu işlə bağlı cavab təqdim etməlidir. Sabiq iqtisadi inkişaf naziri İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü (işgəncələrin qadağan olunması), 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) maddələrinin pozulması ilə bağlı şikayət edib.

Əsgərov bildirib ki, hazırda Avropa Məhkəməsi ilə 30 şikayət üzrə kommunikasiya aparılır. Sabah isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri, qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev və digər 17 nəfərin barəsindəki cinayət işi ürə hazırlıq iclası başlayacaq. İş üzrə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mənimsəmə və ya israf etmə), 192.1, 192.2 (qanunsuz sahibkarlıq), 206.4 (qaçaqmalçılıq), 213.4 (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.2, 311.3.3 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Xəbər lenti

Xəbər lenti