Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / İnsan Haqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan 1500 şikayət göndərilib. Ali Məhkəmənin hakimi Vəfaiddin İbayev bazar ertəsi bildirib ki, göndərilən şikayətlərdən 60-a yaxını ilə kommunikasiya edilib, 8 şikayət üzrə işin icraatına xitam verilib. Azərbaycana qarşı 3 iş üzrə qərar çıxarılıb. Artıq həmin qərarlardan biri-Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyevin işi üzrə qərar icra olunub, digəriləri isə icradadır.
Avropa Məhkəməsinə Azərbaycandan göndərilən şikayətlərin böyük əksəriyyəti İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü (işgəncələrin qadağan olunması), 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ), 9-cu (fikir, vicdan və din azadlığı), 11-ci (yığıncaqlar və birləşmək azadlığı), 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələrinin pozulması ilə bağlıdır.