...

Azərbaycanın "Oskar" iddiası növbəti onillkdə reallaşa bilər

Cəmiyyət Materials 8 İyun 2007 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /müx.TrendLife Günel Əhmədova/ Ötən ilin iyulunda Amerika Kino Akademiyası keçmiş sovetlər ölkələrinə, o cümlədən də Azərbaycan və Qazaxıstana "Oskar" mükafatının "Ən yaxşı əcnəbi film" nominasiyasına son ildə çəkilmiş filmi təqdim etmək təklifini ünvanlamışdı. Kateqoriyanın adından göründüyü kimi, filmdəki dialoqlar yalnız ingilis dilində deyil, digər dillərdə də ola bilərdi. Bu halda ingilis dilində subtitirlərin olması vacibdir. Yeri gəlmişkən deyək ki, Amerika Kino Akademiyası xarici dildə filmlər üçün nominasiyanı 1956-cı ildə təsis edib.

Akademiyanın bu müraciəti ölkənin kino ictimaiyyətində sözün əsl mənasında ajiotaja səbəb oldu. Uzun müddət kinoşünaslar müsabiqəyə göndəriləcək filmlə bağlı müzakirələr apardılar. Məlum oldu ki, indiki məqamda Azərbaycanın sözügedən müsabiqəyə təqdim ediləcək və 200 ölkənin filmləri ilə mübarizəyə davam gətirə biləcək ekran əsəri yoxdur. Sonda ortaq məxrəcə gələn kinoşünaslar dedilər ki, növbəti ilə kimi məsələnin müsbət həllinə nail olmaqdan ötrü indidən müəyyən addımlar atılsın. 9 ayın tamamında TrendLife məsələni gündəmə gətirdi.

Kinematoqrafçılar İttifaqının katibi Abbas Əliyevin etirafına inansaq, Azərbaycan məşhur "Oskar" uğrunda yalnız 2010-cu ildən sonra yarışma şansı qazana bilər. Bunu təfərrüatı ilə xırdalamağa çalışan kino işçisi belə dedi: "Çox təəssüf ki, bu istiqamətdə bir irəliləyiş yoxdur. Ümidimizi ölkə başçısının imzaladıcı sərəncama bağlamışıq. Kinonun inkişafına xidmət edəcək məlum sərəncamdan irəli gələn təkliflər Prezident Aparatına təqdim ediləcək. Bundan sonra məsələnin həlli mexanizmləri mərhələli şəkildə həyata keçiriləcək. Fikrimcə, bunun ömrü ən azı indiki onilliyin sonuna qədər davam edə bilər. Həmkarlarım da bu qənaətdədirlər. Yəni, yaxşı film çəkməzdən öncə ölkəyə standartlara uyğun avadanlıqlar gətirilməlidir. Həmin avadanlıqların istifadəsi üçün kadrlar yetişdirilməlidir. Artıq kinoittifaqda iki illik kurs fəaliyyətə başlayıb. Rüstəm İbrahimbəyovun ideyası olan bu məktəb İncəsənət Universitetinin məzunları və peşəkar kadrların püxtələşməsinə kömək edəcək. Bu, sözügedən məsələnin həllində də mühüm rol oynaya bilər".

Azərbaycan filminin inkişafı barəsində pessimist düşüncələrdə olan kinoşünas Ayaz Salayev hesab edir ki, ölkədə "Oskar"a təqdim ediləcək filmi yaratmaq uzaq gələcəyin gerçəkliyidir. O, hesab edir ki, bunun üçün ilk növbədə kino sənətinə yanaşma dəyişməlidir. "Yeni zaman, yeni siyasət tələb edir" - deyən A.Salayev kinonun inkişafı üçün xüsusi proqramın hazırlanmasını vacib hesab etdi:

"Əlbəttə ki, ilk növbədə filmlərə maliyyə vəsaiti ayıran sahibkarlara xüsusi güzəştlər edilməlidir. Əks halda yüksək keyfiyyətdən söhbət gedə bilməz. Bilirik ki, dövlət film çəkilişləri üçün vəsait ayırır, lakin bu, yetərli deyil".

Rejissor Oqtay Mirqasımov isə hesab bedir ki, Azərbaycanda "Oskar" mükafatına təqdim ediləcək filmin olmaması texniki problemlərlə bağlıdır. "Bizim bir problemimiz var, o da texniki səviyyənin olmamasıdır. Hesab edirəm ki, texniki problemləri həll etdikdən sonra biz dünya miqyasına çıxarılacaq film hazırlaya bilərik",- deyə o bildirdi.

Azərbaycanda "Oskar" mükafatına layiq filmin çəkilməsinin səbəbindən danışan xalq artisti Rasim Balayev "Bizim çəkdiyimiz filmlərin büdcəsi 250-300 min dollardan çox olmur. Sizcə, bunu yüz milyonlarla dollar sərf edilmiş filmlə necə müqayisə etmək olar? Hesab edirəm ki, aşağı səviyyəli filmi ora göndərib biabır olmaqdansa, on illiyin sonuna qədər göndərməmək daha məqsədəuyğundur", - dedi.

Xəbər lenti

Xəbər lenti