Azərbaycan, Bakı, 28 iyun /müx.TrendLife G.Əhmədova/Dövlət Pantomim Teatrının kollektivi Finlandiyanın İmatra şəhərində keçirilən "Ağ və qara" adlı dördüncü Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatrın mətbuat əlaqələndiricisinin TrendLife verdiyi məlumata görə, bir həftə davam edən tədbirdə Dövlət Pantomim Teatrı xüsusi ilə fərqlənib. Teatr truppasının çıxışı iki gün davam edib. Pantomimçilər Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması əsasında hazırlanmış "Gəldim ki, olam qəmin hərifi" muğam triosunu və "Maska" tamaşasını təqdim ediblər. Yaradıcı kollektiv Beynəlxalq festivalın diplomuna layiq görülüb. Məlumatda deyilir ki, festivalda İngiltərə, Estoniya, Finlandiya, Portuqaliya, Türkiyə, Ukrayna, Rusiya və digər ölkələrin teatr kollektivləri iştirak ediblər.