...

Azərbaycan Konstitusiya Məhkəməsi fəaliyyəti dövründə 141 qərar qəbul edib

Cəmiyyət Materials 13 İyul 2007 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Konstitusiya Məhkəməsi fəaliyyəti dövründə 141 qərar qəbul edib. Onlardan 52-si fərdi şikayətlərlə bağlıdır. Konstitusiya Məhkəməsindən Trend ə verilən məlumata görə, bu qərarlar məhkəmənin bütövlükdə çıxardığı qərarların 36,8 faizini təşkil edir. Konstitusiya Məhkəməsi şikayətlərə 2004-cü ildən baxmağa başlayıb. Fərdi şikayətlər üzrə çıxarılmış qərarlarında vətəndaşların hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə, mülkiyyət hüquqlarının müdafiəsinə, əmək hüququ, birləşmək hüququ və s. mühüm məsələlərə dair hüquqi mövqelər formalaşıb.

Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarların sırasında normativ-hüquqi aktların Konstitusiyaya uyğunluğuna dair çıxarılmış qərarlar kifayət qədərdir. Belə ki, 141 qərardan 23-ü ayrı-ayrı qanunların müvafiq müddəalarının Konstitusiyaya uyğunluğunun, 1-i isə Nazirlər Kabinetinin qərarının qanuna uyğunluğunun yoxlanılmasına dair olub.

Qəbul edilmiş 141 qərardan 42-si ayrı-ayrı qanunların, 2-si isə Konstitusiyanın müxtəlif müddəalarının şərh edilməsinə dair olub.

Bu günədək Konstitusiya Məhkəməsi tərəfindən Milli Məclisə 14, Nazirlər Kabinetinə isə 6 dəfə tövsiyə ilə müraciət edilib. Bu tövsiyələrin əksəriyyətinə uyğun hüquqi tənzimləmələr müvafiq orqanlar tərəfindən artıq həyata keçirilib, bəzi tövsiyələrdə qaldırılmış məsələlər isə hələ də həllini gözləyir.

Xəbər lenti

Xəbər lenti