...

"Sarı gəlin" musiqi geneologiyasıdır

Cəmiyyət Materials 25 İyul 2007 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul \müx.TrendLife Günel Əhmədova/Əsrlərdir müxtəlif musiqiçilərin avazında dolaşan "Sarı gəlin" mahnısının kimə məxsus olduğu barədə müxtəlif faktlar söylənilir. Amma bu, fakt olaraq hələ də öz təsdiqini tapmayıb. Tarixən söylənilən fərziyələr musiqinin ladının klassik Azərbaycan musiqisinə yaxın olduğunu göstərir. Amma erməni millətinin bu istiqamətdə son illər apardığı "təbliğat kampaniyası" dünya musiqiçilərinin diqqətini bir az başqa səmtə yönəldib. Azərbaycanın musiqiləri ilə milli köklərini zənginləşdirməyə çalışan "qonşu" millətin bu iddiasının yersiz olduğunu sübuta yetirməkdən ötrü TrendLife-nın müxbiri kiçik araşdırma apardı - tarixi vərəqlədik, sufi təriqqətçiləri və tarixçilərlə görüşdük.

Gəldiyimiz qənaətə görə, ruslar XIX əsrin 20-30-cu illərində Osmanlı torpaqlarına girərək Ərzuruma qədər olan ərazini zəbt ediblər. Rəvayətlərə görə, bu illərdə qoşunun başçılarından biri Slavyan gözəlinə aşiq olub və "Sarı gəlin" adlı şer yazıb. Sonra ona musiqi həyatı verilib.

Eyni zamanda iddia edilir ki, "sarı" sözü tək rəng anlamında işlədilmir, bu ifadə insanın daxilindəki "sarı simə" eyham vurur. Adətən insanların həssas məqamında bu, özünü göstərir. Yəni, "sarı" şeirdə rəmzi mənanın daşıyıcısıdır. Sufi təriqətçilərinin fikrincə, "Sarı gəlin" insanın içindəki məhəbbət, nəciblik və ən xoş keyfiyyətlərin məcmusu kimi başa düşülür. Tarixin bəzi məqamlarında "Sarı gəlin"in qadın gözəlliyinə ünvanlandığı da fərziyə kimi irəli sürülür.

Onların fikrincə, "Qurani-Kərim"in Bəqərə surəsi - "Dirildən sarı inək" hissəsi var. Burada "sarı" sözü Həzrəti Fatmeyi Zəhranın xarakteri ilə uzlaşdırılır. Yəni, onun bütün namuslu, nəcib və cənnət qadınlarının rəhbəri olduğu qeyd olunur. Həmin sarı rəng də bütün nəcib keyfiyyətləri özündə birləşdirmiş xanımların rəmzidir. Bu baxımdan

"Sarı gəlin" nəcib qadınlara ithaf edilmiş bir ifadə kimi tarixdə öz yerini tutub.

Milli Konservatoriyanın elmi-tədqiqat laboratoriyasının rəhbəri Abasqulu Nəcəfzadənin fikrincə isə, "Sarı gəlin"in söz və musiqisinin müəllifi XVI əsr şairi, şah və sərkərdə Şah İsmayıl Xətaidir. O deyir ki, Şah İsmayıl sarayda rəqqasə qızların oyununa baxarkən orada sarı rəngli libasda qız onun diqqətini cəlb edib. Bundan sonra Xətai belə bir əsər yazıb. Eyni zamanda azərbaycanlı xanımın saçının ucunun hörmədiyini şair yazdığı şeirdə rəqqasə qıza eyham vurmaqla bildirib.

Musiqiçi İbrahim Qasımovun fərziyəsində də bu ifadə öz əksini tapdı. Ud ifaçısı onu da əlavə etdi ki, bu fakt Əzizə Cəfərzadənin "1905-ci il" adlı tarixi əsərində kiçik bir yazıda qeyd edilib.

"Eyni zamanda Anadolu türkləri də musiqi əsərinin onlara məxsus olduğu barədə müəyyən dövrlərdə iddialarla çıxış ediblər. Amma tarixi yazılarda buna rast gəlinməyib", - deyə o bildirdi.

Abasqulu Nəcəfzadə isə öz növbəsində qeyd etdi ki, "Sarı gəlin" muğam ladı üzrində köklənib, "muğamların Azərbaycana məxsus olduğunu nəzərə alsaq, bir o qədər baş sındırmamalıyıq. Sadəcə, faktı doğrultmalıyıq".

Xalq artisti Akif İslamzadənin məsələyə baxışı isə bir az fərqli oldu.

"Tam əminliklə deyərdim ki, "Sarı gəlin" mahnısının tarixi İslamdan əvvələ gedib çıxır. Amma bəzi musiqiçilər elə hesab edirlər ki, bu əsərin 150-200 illik tarixi var. İntonasiyasına görə, mahnı çox arxaikdir - 3-4 notun üzərində qurulub. 7-ci əsrin əvvəllərində sarı sözü rəmzi mənada böyük, dağ anlamında qəbul edilib. Qədim türk anlayışında isə "sarı" kübar, incə deməkdir.

Bizdə bu ifadə iki anlayışda - rəng və "ürəyimin sarı siminə toxunma" kimi istifadə edilir. İslamdan əvvəl Oğuz tayfalarının ortaq bir mədəniyyəti olub. Tarixi mənbələrdə göstərilir ki, oğuzlar daha çox bu intonasiyada musiqi mədəniyyətini inkişaf etdiriblər və mahnı zamanla formalaşaraq günümüzə gəlib çıxıb. O vaxt qız üçün elçilik edəndə 35 yaşlı qız anasının yox, nənənin yanına gələrdilər. Görünür, ilk dəfədən sevgi oxu daşa dəyən cavanlardan biri "Səni mənə verməzlər, ay nənən ölsün, sarı gəlin", - deyə belə bir musiqi yaradıb".

A.İslamzadə xatırlatdı ki, mahnını ötən əsrdə yaşadan ifaçılardan biri babası, qarabağlı Bəbiş Qədimov olub. Anası Sara Qədimovanın arxivində qorunan musiqili əsər ömrünü Akif İslamzadənin ifasında uzadıb.

Xəbər lenti

Xəbər lenti