...

...Əlizadəyə

Cəmiyyət Materials 10 Avqust 2007 19:36 (UTC +04:00)

Bakı, 10 avqust 2007-ci il Əslində məni bu yazını yazmağa məcbur edən 3 iyul tarixli "Azadlıq" qəzetində dərc olunan yazı idi. Bu nəticəyə gəlmək olar ki, Bəstəkarlar İttifaqında rəhbərliyə başlayan Firəngiz Əlizadə ilk gündən qalmaqal yaradaraq şəxsi münasibətləri qəzet səhifələrinə çıxarmaqla, yaradıcı adamları təhqir etməklə məşğuldur. Ünvanıma təhqir saydığım həmin söhbətlərə cavab yazmaya bilməzdim. İttifaqın divarları arasında baş verənlərin oxucu kütləsinə bu cür səviyyəsiz şəkildə çatdırılması bağışlanmazdır.

...Sənin məqaləni oxudum. Nəhayət həmin məqalədə kim olduğunu özün açıq-aydın aşkar etdin. Xalq arasında belə bir misal var: "Biri atasının gözünü çıxartdı, istədi ki, ona Koroğlu desinlər. Amma ona kor kişinin oğlu dedilər ". İndi sən də onun kimi elədin. Uzun illərdən bəri qoynunda gizlətdiyin "daşı" atdın. Elə bildin ki, bunun üçün sənə yeni bir titul da verəcəklər. Bu günkü dövrdə heç də sən və sənin kimilərdən Azərbaycan mədəniyyətində zəhmətləri az olmayanlara - vaxtilə iş və sözlərinə ləbbey dediyin adamlara hörmətsizlik etdin.

Mən yazımda sənə ancaq, sən deyəcəyəm. Çünki üzərində mənim müəyyən zəhmətim olub. Yadına salıram... O illər ortabab bir pianoçu idin, sənin kimilər Dövlət Konservatoriyasında az deyildilər. Musiqi yazmaqla maraqlandın. Əvvəl bəstəkarlıqdan fakultativ dərs aldın, sonra isə gözəl müəllimimiz Cövdət Hacıyevin sinfinə yollandın. Mən o vaxtlar Bəstəkarlıq kafedrasının müdiri idim. Burada özünə yer tapa bildin, ancaq bu səni qane etmədi. Böyük məktəb sayılan Q.Qarayevin sinfinə keçmək istədin. Sənin "planların" çox böyük idi. Yalnız iki ildən sonra Q.Qarayevin oğlu Fərəcin köməyi ilə atasının sinfinə daxil ola bildin. Gənc yaşlarında piano üçün Veberin üslubunda və təsiri altında yazdığın sonatanı Fərəc Qarayevin köməyilə, simli kvartetini isə Oleq Felzerin nəzarəti altında yazan, sonralar "Habilsayağı"nın ərsəyə gəlməsində İvan Monigettinin köməyi az olmadı.

O da yadımdadır, 1973-cü ildə rəhbərliyim altında olan tələbə qrupu ilə Tiflisə və Leninqrada getdik. O vaxtlar səni heç kim tanımırdı. Mən Bakıdan gələn tələbələri dostlarımla, yerli bəstəkarlarla, musiqişünaslarla tanış etdim. Fərəc Qarayevlə bərabər səni Almaniyaya apardıq. Ondan sonra sənin təfəkküründə dəyişikliklər əmələ gəldi. Almaniyada səni Tanya Parvolla tanış etdik, az keçmədi ki, ondan bu fikirləri eşitdik: "Bu nə cür adamdır, onun ki, problemləri var!.."

80-ci illərdə Bəstəkarlar İttifaqına katib vəzifəsinə təyin olundun. Fəaliyyətin heç vaxt diqqət çəkmədi. Ötmüş illər ərzində heç bir təşkilati işlə məşğul olmadın, nə bir konsert, nə də plenum hazırlığında iştirak etmədin. Əksinə, uzun bir zaman xaricdə yaşadın, oradan özün barədə uydurmalar yazıb göndərməklə məşğul oldun. Səni Bakıda təbliğ edən ərin idi, yolu bura düşdükcə, redaksiyalara ayaq döyürdü. Şişirdilmiş tərif dolu məqalələri təqdim etməkdən ehtiyatlanmırdı. Şəxsiyyətin haqqında gülünc fikirlər ortaya çıxarırdın ("Zerkalo", "Exo" və s. qəzetlər). Heç özünə hörmət edən adam yazar ki, ona "Şəhrizad" deyirlər... Mətbuatda adın dahilərlə bərabər çəkilirdi: "Bu gün Azərbaycanı Nizami, Əlizadə, Rastropoviç tanıdır". Belə hesab etmək olar ki, bütün tanınmışların üzərindən xətt çəkilir. Bəs onda Landau, Lütvi Ələkbərzadə, Tahir Salahov, Nərimanbəyov kimlərdir? Və nəhayət dahi, Ulu öndər? Xalqımız və vətənimiz üçün ondan çox iş görən varmı? Bəs bu gün işləri və dəyərli çıxışları ilə dünya ictimaiyyətini düşündürən, sevimli gənc prezidentimiz?

Odur ki, bayağı təbliğatına yer ayırmasan pis olmaz. Mən həmkarlarımın qibtəsini kor-koranə qazanmamışam. Sənətimi yaxşı bilməyim və zəhmətkeşliyim həmişə köməyimə çatıb. Sənin kimi məşhurların yanında şəkil çəkdirib özümü onların tanışı kimi qələmə verməmişəm. Mən nə edim ki, ömrüm boyu qismətimə yaxşı rejissorlarla işləmək düşüb. O üzdən 30-dək irili-xırdalı dəyərli filmlərə və müxtəlif teatrlarda onlarla tamaşalara musiqi yazıb mükafatlar almışam. Hətta II simfoniyama görə (Triptix) dövlət və II kvartetimə görə ümumittifaq mükafatlara layiq görülmüşəm. Fərəhlənirəm ki, tanrı mənə həyatımda daha böyük bir xoşbəxtlik bəxş edib, 1970-75-ci illərdə Ulu Öndər iki dəfə Akademiyanın binasında əlimi sıxıb və ali mükafatları mənə təqdim edib. Mən çəkdiyim zəhmətin dəyərini görmüşəm. Sənə gəlincə, yaradıcılığın göz önündədir. Çox istedadsız bir rejissorla bərabər işlədiyin filmi korlamışdın. Halbuki filmin ədəbi variantı heç də pis deyildi.

Məsləhət görərdim, İttifaqınıza gələndə bir arxivə göz gəzdirəydin. Adlarını çəkdiyim orden, fəxri adlar, mükafatlar, mənzil orderi, təqaüd almaq təqdimatlarını kimin üçün yazıblar və ya yazmısınız, mənim üçün yoxsa kriminal katibliyin üzvləri üçün.

Əksinə, dövlət mənə nəsə verəndə dərhal deyərdiniz: "Bizim başımızın üstündən edirsən", guya sizin başınız var, onun da ki, üstü olsun.

Sənin hörmətsizliyin o həddə çatıb ki, hətta mənim övladlarımın adını çəkməyə cəsarət edirsən. Mən övladlarımla fəxr edirəm. Almaniyada qapı gəzib, qapı döyüb özünə qrantlar axtaranda, kefli həyat halına qalanda iki oğlumdan biri dəfələrlə cəbhə xəttində (Ağdamda, Sədərəkdə) güllə altında xarici diplomat və jurnalistlərlə birgə dolaşırdı. İkinci oğlum isə sovet ordusu sıralarında "Zvartnos" hərbi hava limanında çalışırdı. Onlar vətənə, xalqa sədaqətl olublar. Bu günədək belədir.

Bəstəkarlar İttifaqını könüllü tərk etmişəm. Bu mənim şəxsi həyatıma aid olan məsələdir. Məsələnin İttifaq divarlarını aşmasına təəcüblənməyə bilmirəm. Doğrudan da qəribə görünür, nə vaxtdan işdən, vəzifədən özü gedən açıqlama verir? Halbuki bu, könüllü işdir. Yoxsa İttifaqın sıralarını tərk etmək üçün səndən icazə almalıydım? Bunu ancaq sənin kimilər sensasiyaya çevirə bilər. Qəzet səhifələrində bazar söhbətlərini andıran düşüncələrin adamda yalnız ikrah oyadır. Sən nə ixtiyarla mənə ərizəmi geri götürmək təklifini edirsən? Necə yəni ərizəmi geri almaq, fikri dəyişmək? Necə yəni üzvlükdən çıxarılmaq? Görünür həqiqətən də sənin böyük problemin var. Sən kiminlə ayaqlaşdığını unudursan.

Qəzetə söylədiklərinin hər parçası yalan və uydurmadır. Səni bu şəhərdə az adam tanıyır. Tanıyanlara da həvəslə məlumat vermisən ki, məni Bakıya çağırıblar ki, Musiqi Akademiyasına rektor, ya da İttifaqa sədr qoysunlar. Əgər belədirsə, onda səni bu vəzifəyə qoyanların sevinməyə haqqı var... Sədr qoyulandan 10 gün sonra sən mətbuatda biabırçı çıxış edib, kimliyini bir daha üzə çıxartdın. Görəsən səni rektor qoysaydılar, nə edərdin. Yaxşı ki, Allah dəvəyə qanad verməyib...

Sən sentyabr ayından Bakıda olduğun müddətdə işin-gücün ancaq ondan ibarət olub ki, ətrafına adamlar toplayıb onlara vədlər vermisən, üstəlik özün haqqında uydurmalar söyləməkdən çəkinməmisən. Qaranlıq qalan məqamlar da var.

Qurultay ərəfəsində aldığın orden və medal təsadüfdürmü? Yazıb yolladığın məqalələrdən görünür ki, adlarını çəkdiyin müxtəlif solistlər və ya kollektivlər ancaq sənin əsərlərini çalır, onunla yaşayırlar, bu da şişirtmə yalandır.

İstərdim bunu oxucu da bilsin: Musiqi kollektivi hazırladığı proqramı bir neçə dəfə ifa edir, sonra isə onu yenisi ilə əvəzləyir. Amma sənin məqalələrindən belə çıxır ki, guya bu ölkədə ancaq sənin musiqin çalınır, bu əsərlər isə himnə çevrilir.

Çox qədimdən bəllidir ki, avropalılar ekzotikanı sevirlər. Onlar ondan ləzzət alırlar. Sənin musiqinə gəlincə o da ekzotikdir. İstifadə etdiyin ladların - Çahargah, Şüştər avropalılara ona görə xoş gəlir ki, Çahargah macar, Şüştər isə yəhudi ladlarını xatırladır. Ekzotika həmişə aşağı təbəqəyə xoş gələr. Sənin yaradıcılığın sübut edir ki, sən heç orkestri belə bilmirsənmiş. Sənin ekzotik partituralarında skripka və kamança, fleyta və ney, Avropa və Şərqə aid eyni tipli zərb alətləri və s. eyni səslənsə də, əsərlərinə yenilik gətirmir. Əksinə, 50-70-ci illərdə polşalıların ifa üslublarını xatırlatdığı üçün köhnəlmiş sayılır. İndi onlar belə bu ifa tərzindən istifadə etmirlər. Hər yerdə özünü pianoçu kimi qələmə verirsən. Çoxlarına tanış olmayan müasir musiqinin ifası çox asandır. Nə istəyirsən çal. Harada vurğusunu vurursan vur, bunu səndən başqa heç kim bilməz. Amma klassik musiqiyə, əsrlərdən bəri qalan sənətə müdaxilə etmək olmaz! İfa etdiyin müasir musiqini hətta izləsən, bunu aşkar görmüş olarıq.

Son vaxtlar özünü professor adlandırırsan və dünyanın bir çox ölkələrində dərs dediyini elan edirsən. Burada da sən yanılırsan. Ancaq Türkiyənin Mərsin şəhərində musiqi məktəbində pianodan dərs demisən. Başqa şəhərlərdə isə özəl olaraq aylıq yay kurslarında və dərnəklərdə bir aylıq seminarlar aparmısan. Bu seminarların təşkilatçısı hər bir kəs, hər bir kommersiya və hətta evlər idarəsi, yaxud yataqxana ola bilər. Mən 20 ilə yaxın Ali Attestasiya Komitəsində Ekspert Şurasının üzvü və son illərdə rəhbəri olmuşam. Sənin Şuradan keçdiyindən mənim xəbərim olmayıb. Yoxsa sən mərhum Azad Mirzəcanzadəni aldatmısan? Əgər bu belə deyilsə, mən üzr istəməyə hazıram.

Sənin musiqi elmində yerin görünmür. Uzun illərdir ki, sən Bəstəkarlıq Kafedrasının müəllimi olmaq arzusundasan, amma... "Qara qızın dərdi var". Bəstəkarlıqdan dərs deyən şəxs klassik musiqini, onun musiqi formalarını, polifoniyanı və orkestri yaxşı bilməlidir. Bütün bunlar da səndə yoxdur.

Məqalədə o da var ki, qonşu ölkədən Opera Teatrının müdiri evimizə zəng edib məni işə çağırır deyirsən, inanmaq olar. Bəs sən neçə dəfə ona zəng edib, məktub yazmısan? Axır ki, Mərsin teatrına səriştən olmayan bir vəzifədə - xormeystr kimi işə başlamısan. Amma bu, uzunmüddətli olmayıb. Bir neçə vaxtdan sonra işdən azad edilmisən. Oradan da Mərsin musiqi məktəbinə üz tutmusan. Orada rəhmətlik dirijor Nazim Rzayevlə, dəyərli musiqişünas M.Şahbazbəyovayla yola getməmisən. Sənə görə N.Rzayev ağsaqqal vaxtında Əski şəhərə köçüb və orada dünyasını dəyişib. Bir türk tələbəsi ilə sözləşib, onu məhkəməyə vermək istəmisən. O da Mərsini tərk etmək məcburiyyətində qalıb. Bu işlərdə yaxşı səriştən var. Sən indi də Bakıda hörmətli bəstəkarları məhkəmə ilə qorxudursan. Bəlkə bu yazıdan sonra səninlə də bu cür rəftar edək?

Sən bir folklorçu, bir musiqi müəllimi ilə bərabər hesabat-məruzəsini yazmağa başladın. Məruzədə 17 ildə görülən işin təhlili aparıldı və guya yekun olaraq görülən işlərə qiymət verildi. Əslində əsas məsələlər mövzudan kənarda qaldı. Orada hansı janrın inkişafı, geriləməsi qeyd edildi?

İndi isə qurultay barəsində. Qurultay tamaşası məharətlə qurulmamışdı. Bu, yaradıcılıq ittifaqları arasında yeganə qurultay idi ki, heç kim rəyasət heyətinə seçilmədi və ya dəvət olunmadı. Kim istədi səhnəyə qalxdı. Sən isə səhnəyə qalxanda, çox həyacanlı idin. Rəngin Qaradaq sementinin rəngində idi. Folklorçu tərəfindən bisavad, mənasız, tez-tez təkrar olunan, yaradıcılıqdan uzaq bir məruzə oxundu. Orada nə forma, nə məzmun, nə üslub, nə dil barəsində söhbət açılmadı. Məruzədən bilmək olardı ki, biz irəli gedirik və ya geri qalırıq. İnkişafdayıq və ya da əksinə... Nə stenoqrafçı vardı, nə də çıxışlar lentə yazılırdı. Qurultayın gedişini Mədəniyyət və Turizm naziri əlinə almışdı və iclasın gedişinə müdaxilə edirdi. Heç kim cəsarət edib demədi ki, Bəstəkarlar İttifaqı qeyri-dövlət təşkilatıdır. Bura nə teatr, nə muzey, nə də filarmoniyadır. Yardıcılıqla məşğul olan qurumdur. Keçmiş qeyri-legitim katiblərin səhnəyə çıxmağa heç bir ixtiyarı yoxdur. Çox qəribədir, 1957-ci ildən qurultaylarda iştrak etmişəm. İlk dəfə şahidi oldum ki, qurultayın qətnaməsi yoxdur. Ötən vaxt ərzində görülən işlərə yekun vurulmadı, qiymət verilmədi. Əgər qiymət verilsəydi, söz yox ki, pis qiymətin ağırlığı prezidentin humantar işlərlə məşğul olan şöbəsinə və onun rəhbərliyinin payına düşərdi. Axı, onların bu işlərdən xəbəri vardı. Sadəcə olaraq, bütün olanlara göz yumurdular.

İndi isə "çıxışlar olmadı", "aləmi qarışdırdı", "hay-küy saldı" kimi sözlər deməklə, hamını aldatmağa çalışırsan. Çünki iclasda baş verənlər sənədləşmədi, heç bir sənəd yoxdur, protokol tutulmadı.

"Peyğəmbər" övladının dediyi "bağırdı", "mən heç onlara kişi demərəm", "bunların bir azarı o idi ki", "qaça-qaça gedərdi" kimi küçə sözləri işlədən qadın nə özünə hörmətli ola bilməz, nə də məsul vəzifə daşıya bilməz. Sənin qəzetə verdiyin açıqlama hiss olunur ki, neçə illərdir, beynində bir "ideya-fiks" kimi formalaşıb. İndi isə görünür, vaxtı gəlib çatıb. Çünki bu yazının müəyyən məqamlarını 17 il ərzində orda-burda danışmışdın. İçində bir narahatlıq vardı, gördüyün adamlardan soruşurdun: doğrudanmı Xəyyam Mirzəzadənin və Fərəc Qarayevin əsərləri xaricdə çalınır? Onlar sifarişlər alırlar? Bəs mənim niyə xəbərim yoxdur? Çox əcəb! Bəyəm dünyanın konsert salonlarının açar-kilidi səndədirmi? Populist yazılar, çıxışlar etməklə özünü qabarıq büruzə verirsən. Sənə gəlincə, balaca bir yazıda insan özünü nə qədər tərifləyər? Amma başqalarına şər atmaqdan və irad tutmaqdan çəkinmirsən. İdarə heyətinin ilk iclasında A.Məlikovun tələbəsi Arzu Məmmədova mənim yanımda oturmuşdu. Sən yazırsan ki, A.Məlikov nə özü gəldi, nə də də tələbəsini qoydu. Mənim ərizəmdəki Rəyasət kəlməsini sən səhv tutmusan. Bilmədiyin Azərbaycan dilində rəyasət - sədarət, rəhbərlik deməkdir. Mənim də ərizəm katib rəhbərlərə idi. İdarə heyəti işçi qrupudur. İdarə heyəti 17 il işləməyəndə, sən isə 80-ci ildən işə gəlməyəndə rəhbərliyə çevrilmişsiniz.

Yeri gəlmişkən, özünü savadlı bilib yazdığın "Qara Qarayev" kitabına bax! ("Azərbaycan qadını" jurnalı, 1997). Oradakı səhvlərə nəzər sal! (Səhifələr 6, 33, 38, 44, 45 və i. a. - 20 vərəq səhv) Savadsız bir musiqişünas kimi nəzəri hissəsini oxu. Bu kobud səhvlərə əsasən fotoların altında rast gəlirik. Bilmək istəyirəm, sən mənim arxivimdəki şəkilləri necə əldə etmisən? Onları kimdən almısan? Fotoları öz xeyrinə, istədiyin kimi kəsib-doğramısan. Altında istədiyin mətni yazmısan. Mən məəttəl qalıram ki, tirajı məlum olmayan kitaba layihənin rəhbəri, redaktoru nəzər salmayıbmı? Yoxsa onları da aldatmısan?

Vaxt gələcək, sən çox şeyə cavab verəcəksən. Və ya baş götürüb qaçacaqsan Avropaya, Afrikaya, qrantlar almağa, bir də "Şəhrizad" kimi nağıllar uydurmağa. Onu sənə deyim: əgər bir də mənim barəmdə növbəti "nağılı" danışsan, səni cavabsız qoyacağam, yazınla özün-özünü biabır edəcəksən. Yaradıcı adamların mətbuatda gedən döyişməsini heç vaxt qəbul etməmişəm. Odur ki, mən bundan sonra nə sənə, nə sənin himayədarlarına cavab verməyəcəm. Bunu özümə əskiklik bilirəm.

1957-ci ildən 2007-ci ilədək Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Xəyyam MİRZƏZADƏ Bakı, 10 avqust 2007-ci il

Bak

Xəbər lenti

Xəbər lenti