...

AFFA FİFA-nın futbol qaydalarına təklif etdiyi yeniliklərə mövqeyini açıqlayıb

İdman Materials 6 Fevral 2012 12:06 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) FİFA-nın futbol qaydalarına tətbiq etmək istədiyi yeniliklərə aydınlıq gətirib və münasibət bildirib.
AFFA FİFA-nın futbol qaydalarına təklif etdiyi yeniliklərə mövqeyini açıqlayıb

Azərbaycan, Bakı, 6 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) FİFA-nın futbol qaydalarına tətbiq etmək istədiyi yeniliklərə aydınlıq gətirib və münasibət bildirib.

FİFA Beynalxalq Qaydalar Şurası futbol oyunu zamanı icazə verilən 3 əvəzləmədən başqa əlavə olunmuş vaxtda 4-cü əvəzetməyə icazə verilməsini, oyunda baş verən mübahisəli məqamların video görüntülər vasitəsilə həll olunmasını, həmçinin cərimə meydançasında qaydalardan kənar hərəkətlə qola mane olmağa görə üçqat cəzanın (penalti təyin etmə, qırmızı vərəqə və bir oyunluq diskvalifikasiya) yumşaldılmasını gündəliyə çıxarıb.

AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov oyunçu əvəzetməsinin limitinin artırılması ilə bağlı bazar ertəsi Trend-ə bildirib ki, getdikcə futbolun sürətlənməsi ilə əlaqədar olaraq bu, zəruri addımdır. "Futbolun sürəti o qədər inkişaf edib ki, hərdən 1970-ci ilin dünya çempionatının finalına baxanda elə təəssürat yaranır ki, televizorda problem var. Oyunlar o qədər ləng gedir ki, elə bil futbola yavaşıdılmış tempdə baxırsan", - Məmmədov deyib.

HK sədri qeyd edib ki, FİFA meydançadakı sürəti qoruyub saxlamaq uçun bu tədbirə əl atır. Onun sözlərinə görə, dörd əvəzetmə ilə oyuna təzə oyunçular daxil olar və onlar oyunun sürətini saxlaya bilərlər. "Nəzərə alsaq ki, Azərbaycan futbolçularının fiziki hazırlığı istənilən səviyyədə deyil, hesab edirəm ki, yeniliyə bizim xüsusilə ehtiyacımız var", - o deyib.

Məmmədov video görüntüyə baxıb qərar vermək məsələsinə neqativ münasibət bəslədiyini bildirib. "Digər idman növlərində saniyələr ərzində baxıb qərar vermək olar, lakin bu, futbolda oyunun ritminin düşməsinə səbəb olar. Futbolun populyarlığı, gözəlliyi elə hakim səhvlərindədir. Hakim səhv edəndə aylarla müzakirə edirlər", - Məmmədov deyib və əlavə edib ki, futbolu digər idman növləri ilə uyğunlaşdırmaq düzgün deyil.

Onun sözlərinə görə, qapıların yanında hakim olması eksperiment olaraq Ukrayna və Polşada keçiriləcək Avropa çempionatında tətbiq ediləcək və müsbət nəticə verərsə, 2014-cü ildə Braziliyadakı dünya çempionatında da tətbiq ediləcək. "Bu məsələnin də mənfi tərəfləri var - çünki qapının yanında olan hakim bəzən təcrübəsiz olur və baş hakimin nüfuzundan çəkinərək qəti qərar verməkdə çətinlik çəkir", - Komitə sədri deyib.

Cərimə meydançasında qaydalardan kənar hərəkətlə qola mane olmağa görə verilən cərimənin yumşaldılmasına isə Məmmədov müsbət yanaşdığını deyib. O bildirib ki, müdafiə olunan oyunçu sonuncu ümid folu edirsə, həmin klubun qapısına penalti təyin edirlər, oyunçuya qırmızı vərəqə verirlər və o, növbəti oyunu buraxır. FİFA istəyir ki, qırmızı vərəqə və penalti qüvvədə qalsın, lakin növbəti oyuna cərimə ləğv olunsun. "Mən tərəfdarıyam ki, müdafiəçi topu boş qapıdan əli ilə çıxardarsa, həm penalti, həm qırmızı vərəqə olsun, qapıçı qapıya gedən topu cərimə meydanından kənarda əli ilə saxlayırsa, qırmızı vərəqə olsun. Misal üçün meydanın mərkəzindən oyunçu təkbətək qaçır, onu yıxırlar və hakim qırmızı vərəqə verir. Hələ onun qapıya çatıb qol vurub-vurmayacağı məlum deyil", - Məmmədov deyib.

Xəbər lenti

Xəbər lenti