Azərbaycan, Bakı, 3 may /Trend/
London Yay Olimpiya Oyunlarının təsnifat yarışında mübarizə aparan Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası bu gün turnirdə ilkin mərhələnin son görüşünü keçirib.
Trend Azərbaycan Otüstü Hokkey Federasiyasının rəmsi saytına istinadən xəbər verir ki, Azərbaycan-Çili matçı gözlənildiyindən də gərgin keçib. Birinci hissənin son dəqiqələrinədək tərəflərdən heç biri hesabı aça bilməsə də, komandamız fasiləyə 1:0 hesablı qələbə ilə yollanmağı bacarıblar.
İkinci hissənin əvvəllərində millimiz 2-ci qolu da çililərin qapısından keçirərərək bir qədər arxayınlaşıb. Rəqib komanda dalbadal 2 qol vuraraq matçda tarazlıq yaradıb. Ancaq onların bundan artığına gücləri çatmayıb. Beləliklə, qızlarımız Çili millisinin Londona getmək iddiasını dəfn ediblər.
2:2 hesabı Azərbaycan hokkeyçilərinə turniri 10 xalla 2-ci yerdə başa vurmaq imkanı verib və bununla da hokkeyçilərimiz 13 xalla 1-ci yeri tutan yarış sahibləri - Yaponiya ilə finalda iştirak etmək hüququ qazanıblar.
Həlledici oyun mayın 5-də Bakı vaxtı ilə saat 11:00-da start götürəcək.