Azərbaycan, Bakı, 25 may /Trend, müxbir E.İsmayılov/
Azərbaycanda 2020-ci il futbol üzrə Avropa çempionatına hazırlıqla bağlı problem olmayacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə cümə günü AFFA prezidenti Rövnəq Abdullayev bildirib.
Bundan əvvəl Azərbaycan və Gürcüstanın 2020-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi etməsi üçün birgə ərizənin verilməsinə dair qərar qəbul edilib.
"Çempionatın keçirilməsi üçün iki ölkədə səkkiz stadionun olması vacibdir. Hazırda Azərbaycanda 65 min tamaşaçı tutumlu yeni stadion tikilir, eləcə də Tofiq Bəhrəmov adına Respublika stadionunun rekonstruksiyası və modernləşdirilməsi işləri də başa çatır", - Abdullayev deyib.
Onun sözlərinə görə, daha iki stadionun tikilməsi Azərbaycan üçün çətin olmayacaq.
Azərbaycanın 2020-ci il futbol üzrə Avropa çempionatına Gürcüstanla birgə ev sahibliyi etmək niyyəti mayın 24-25-də FIFA-nin Budapeştdə keçirilən konqresində elan edilib.