...

Avropa Çempionatının beşinci günündə güləşçilərimiz 2 gümüş və 1 bürünc medal qazanıb

İdman Materials 7 İyul 2013 03:29 (UTC +04:00)
Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir.
Avropa Çempionatının beşinci günündə güləşçilərimiz 2 gümüş və 1 bürünc medal qazanıb

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir.

Trend-in məlumatına görə, çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü 2 gümüş və 1 bürünc medalla tamamlayıb.

50 kq-da Ruslan Qasımov mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Polşa güləşçisi Kristof Vroblevskiyə heç bir şans verməyən (7:0) Ruslan 1/4 finala yüksəlib. Bu mərhələdə Moldova güləşçisi Yevgeni Qreqoritanı da (8:0) üstələyən Ruslan yarımfinala vəsiqə qazanıb. Güləşçimiz yarımfinalda Belarus təmsilçisi Dimçik Rinçinovla qarşılaşıb. Bu görüşdə qazandığı qələbə (8:3) Ruslanı finala yüksəldib. Finalda rəqib Türkiyə təmsilçisi Süleyman Atlıya uduzan (7:3) Ruslan Qasımov Avropa çempionatının gümüş medalına yiyələnib.

60 kq-da Əhmədnəbi Qvarzatilov da 1/8 finaldan başlayıb, Avstriya təmsilçisi Maksmilian Avserleytnerə tam üstünlüklə (7:0) qalib gəlib. 1/4 finalda gürcü Şota Partenadzeni (12:9) məğlub edən Əhmədnəbi Qvarzatilov yarımfinala yüksəlib. Bu dəfə rəqib Ukrayna güləşçisi Gor Oganessyan olub. Ancaq bu dəfə görüş güləşçimiz üçün uğurlu alınmayıb. Əhmədnəbi Qvarzatilov bürünc medal uğrunda bolqar güləşçisi Georgi Vangelovu (8:0) məğlub edib və fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

74 kq-da isə 1/16 finaldan mübarizəyə başlayan Bəxtiyar İsrafilli İsveç güləşçisi Stefan Reyxmutu (8:1) məğlub edib. Güləşçimiz 1/8 finalda macar Mixail Naqi ilə görüşdən də (4:1) qalib ayrılıb. 1/4 finalda Fransa təmsilçisi Zəlimxan Hacıyevi tam üstünlüklə məğlub edən Bəxtiyar yarımfinala yüksəlib. Final yolunda son rəqib erməni Gevorq Hambardzumyan olsa da, güləşçimiz 51 saniyə ərzində onu tam üstünlüklə (9:0) məğlub edib. Finalda Rusiya güləşçisi Həbib Batırovla görüşdən (3:2) məğlub ayrılan Bəxtiyar İsrafilli Avropa çempionatının gümüş medalına sahib olub.

96 kq-da da 1/16 finaldan mübarizəyə başlayan digər təmsilçimiz Səid Həmidov yerli güləşçi Adem Ademi tam üstünlüklə (7:0) yenib. Növbəti mərhələdə rəqib alman Gennadi Cudinoviç olub. Gərgin keçən qarşılaşmadan alman güləşçisi qalib ayrılıb. Növbəti mərhələdə o da məğlub olduğundan Səid Həmidov çempionatı medalsız tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti