Azərbaycan, Bakı, 2 yanvar /Trend/
İspaniyanın "Barselona" klubunun rəhbərliyi və argentinalı forvard Lionel Messi yeni müqavilənin şərtləri barədə prinsipial razılığa gəliblər. Trend-in Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə yerli mətbuat bildirib.
Yeni razılaşmaya əsasən, 26 yaşlı hücumçunun məvacibi "Real"ın portuqaliyalı forvardı Kriştianu Ronaldonun gəlirinə bərabər olacaq - ildə 21 milyon avro. Hazırkı müqavilənin şərtlərinə əsasən, Messi ildə 16 milyon avro əməkhaqqı alır. Argentinalının bu müqaviləsinin müddəti 2017/18-ci il mövsümünün sonuna qədər qüvvədədir.
Lionel Messi katalon klubunun şərəfini 2004-cü ildən qoruyur. Bu müddətdə o, 6 dəfə İspaniya çempionu, iki dəfə ölkə kubokunun və 6 dəfə Superkubokun sahibi olub. Messi "Barsa" ilə üç dəfə Çempionlar Liqasının, iki dəfə UEFA Superkubokunun və dünya klub çempionatının qalibi adını qazanıb. Bütün bunlarla yanaşı, argentinalı forvard 4 dəfə "Qızıl top"a sahib çıxıb.