...

“V1 Challenge Azerbaijan” yarışının qalibləri bəlli oldu (FOTO)

İdman Materials 12 Oktyabr 2014 00:14 (UTC +04:00)
Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakı Kristal Zalında ilk dəfə olaraq “V1 Challenge Azerbaijan” yarışının təqdimatı keçirilib.
“V1 Challenge Azerbaijan” yarışının qalibləri bəlli oldu (FOTO)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbirlər Elçin Mehdiyev, Vüqar İmanov/

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakı Kristal Zalında ilk dəfə olaraq "V1 Challenge Azerbaijan" yarışının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, yarış zamanı tamaşaçılara maraqlı sürprizlər edilib, müxtəlif avtomobillərdə və motosikletlərdə qeyri-adi tryuklar nümayiş olunub, EVO 9 avtomobillərində sürət nümayişində "Eurovision 2011" Mahnı Müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal iştirak ediblər.

Sonra ilk olaraq mübarizə livanlı Abdo Feqali ilə Türkmənistan təmsilçisi Şamurat Qurbanov arasında keçirilib. Müəyyən olunmuş marşrut üzrə çıxışda livanlı idmançı qalib gəlib.

İlk mərhələnin digər yarışında türkiyəli Burak Çukurova İtaliya təmsilçisi Luka Bettiyə, portuqaliyalı Migel Kampos azərbaycanlı Timur Muradova, Fransa pilotu Anton Huber moldovalı Nikolay Kriyaka, Almaniya idmançısı Harald Müller xorvatiyalı Yuray Sebaya, belçikalı idmançı Patrik Snayers bolqarıstanlı Simeon Donova, Azərbaycan təmsilçisi Adil Axundov digər azərbaycanlı idmançı Gülhüseyn Abdullayevə qalib gəlib.

Daha sonra isə yarışın yarımfinal mərhələsinə vəsiqə uğrunda mübarizə başlayıb. İlk olaraq Türkiyə və Livan təmsilçiləri yarışıb. Gərgin keçən mübarizədən sonra livanlı idmançı qələbə qazanıb. Ardınca yarışa Azərbaycan təmsilçisi Adil Axundovla portuqaliyalı Migel Kampos çıxıb. İdmançımız rəqib üzərində tam qələbə qazanıb.

Yarımfinal uğrunda növbəti mübarizə Almaniya və Belçika idmançıları arasında keçirilib və alman pilot qalib gəlib.

Fransa idmançısı isə ilk mərhələdə yaxşı nəticələr göstərərək birbaşa yarımfinala vəsiqə qazanıb.

Yarışın yarımfinal mərhələsində ilk mübarizə Fransa idmançısı ilə Livan təmsilçisi arasında keçirilib. Fransalı idmançı mübarizəni qalibiyyətlə başa vurub. Daha sonra isə Azərbaycan və Almaniya təmsilçiləri yarışıblar. Mübarizə alman idmançının qələbəsi ilə başa çatıb.

Daha sonra 3-cü yer uğrunda Azərbaycan və Livan idmançıları mübarizə aparıblar. Yarışdan Livan təmsilçisi qalib ayrılıb.

Final mərhələsində isə alman və fransız pilotlar yarışıblar. Gərgin keçən mübarizənin sonunda Fransa pilotu Anton Huber yarışın qalibi adını qazanıb.

Beləliklə, Bakıda keçirilən "V1 Challenge Azerbaijan" yarışmasının qalibi 18 yaşlı fransız pilot Anton Huber, 2-ci yerin sahibi Almaniya idmançısı Harald Müller, 3-cü yerin sahibi isə Livan idmançısı Abdo Feqali olub.

Sonra mükafatlandırma mərasimi keçirilib.

Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov kuboku qalibə təqdim edib.

Qalib gələn fransalı pilot Anton Huber jurnalistlərə açıqlamasında yarışın gərgin keçdiyini bildirib: "Bu, mənim beynəlxalq yarışlarda ikinci təcrübəm idi. "V1 Challenge Azerbaijan" yarışı gözəl təşkil olunmuşdu. Belə gözəl təşkilatçılığa görə Azərbaycan Avtomobil Federasiyasına və federasiya rəhbərliyinə təşəkkür edirəm".

A.Huber bildirib ki, ən gərgin görüşüm livanlı idmançı Abdo Feqaliyə qarşı oldu. Çox sevinirəm ki, ona qalib gəlməklə finala vəsiqə qazandım. Mən "Formula 4" pilotuyam. Qazandığım təcrübədən istifadə edərək bu yarışın qalibi oldum.

Bakıya ilk dəfə səfər etdiyini diqqətə çatdıran Anton Huber burada gördüklərindən məmnun olduğunu bildirərək deyib: "Bakı haqqında məlumatım az idi. Sevinirəm ki, indi belə bir gözəl şəhərdəyəm. Artıq Azərbaycan haqqında xeyli məlumatım var. Gözəl ölkənizdə olmağımdan çox məmnunam.

Qeyd edək ki, yarışın qalibinə 10 min, ikinci yerin sahibinə 5 min, 3-cü yeri tutan idmançıya isə 2 min manat pul mükafatı təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti