...

Altay Həsənov: "İnanıram ki, idmançılarımız ilk Avropa Oyunlarında yaxşı nəticələr əldə edəcəklər"

İdman Materials 14 Oktyabr 2014 20:52 (UTC +04:00)
Bakı Gimnastika Məktəbinin (BGM) potensialı çox güclüdür. Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov bu gün Bakı Gimnastika Məktəbində (BGM) keçirilən “Gimnastika axşamı”ndan sonra jurnalistlərə deyib.
Altay Həsənov: "İnanıram ki, idmançılarımız ilk Avropa Oyunlarında yaxşı nəticələr əldə edəcəklər"

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bakı Gimnastika Məktəbinin (BGM) potensialı çox güclüdür. Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov bu gün Bakı Gimnastika Məktəbində (BGM) keçirilən "Gimnastika axşamı"ndan sonra jurnalistlərə deyib.

A.Həsənov qeyd edib: "Biz Bakıda bir daha gimnastika bayramı yaşadıq. Bu bayram Bakı Gimnastika Məktəbində baş tutdu. Bilirsiniz ki, Azərbaycanda yeganə belə məktəb var, o da Bakıda yerləşir və xüsusi gimnastika məktəbidir. Bu məktəbin məzunları dünya çempionları olub, hətta Valeri Belenki kimi Olimpiya çempionu da var. Bu məktəbin ənənələri var, bu gün gördüyünüz kimi, məktəbin potensialı çox güclüdür. Yeniyetmələri gördünüz, gənclərimizi gördünüz. Onlar hamısı bizim gələcəyimizin çempionlarıdır və mən arzu edərdim ki, biz bu məktəbdə bir daha görüşək və görüşərkən bizim gələcək çempionlarımızı alqışlayaq".

İlin yekunları barədə jurnalistlərin sualını cavablandırarkən A.Həsənov bildirib ki, hələ irəlidə bir neçə turnir var: "Amma xüsusi olaraq deyə bilərəm ki, Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında bizim komandamız uğurlu çıxış etdi. Düzdür, İzmirdə idmançılarımızın daha uğurlu çıxış edəcəyini gözləyirdik, amma təəssüflər olsun ki, dünya çempionatında bir o qədər də istədiyimiz kimi alınmadı. Gələn ilə yaxşı hazırlıq gedir. Çünki gələn il Bakıda tarixdə ilk dəfə olaraq Avropa Oyunları keçiriləcək və inanıram ki, bizim idmançılarımız, məşqçilərimiz öz məharətlərini göstərib yaxşı nəticələr əldə edəcəklər".

AGF-nin gələcək layihələri barədə jurnalistlərin sualına cavabında isə A.Həsənov bunları deyib: "Bilirsiniz ki, bu yaxınlarda Milli Gimnastika Arenası tikilib istifadəyə verildi. Orada bizim yığmamız məşq edir. Arenanın yanında müasir bir kompleks də var və orada da bizim idmançılarımız məşq edirlər. Bu Gimnastika Məktəbində isə gələcək çempionlarımız məşq edir. Rayonlarda, bölgələrdə də inkişaf çoxdur, amma təbii ki, yer çatmır, bizə daha çox yer lazımdır. Belə məktəblərdən nə qədər çox olsa, bir o qədər çox inkişaf olar. Ümidvaram ki, dövlət tərəfindən həmişəki kimi bizə kömək göstəriləcək və gələcəkdə təzə zallarımız, komplekslərimiz olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti