...

Bakı 2015 Avropa Oyunları Rusiyanın güləş üzrə əfsanəvi idmançısını salamlayıb

İdman Materials 15 Oktyabr 2014 15:13 (UTC +04:00)
Ötən gün "Bakı 2015" Avropa Oyunları Azərbaycana səfər etmiş Rusiyanın güləş üzrə əfsanəvi idmançısı Buvaysar Saytiyevi salamlayıb.
Bakı 2015 Avropa Oyunları Rusiyanın güləş üzrə əfsanəvi idmançısını salamlayıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Ötən gün "Bakı 2015" Avropa Oyunları Azərbaycana səfər etmiş Rusiyanın güləş üzrə əfsanəvi idmançısı Buvaysar Saytiyevi salamlayıb.

Üç dəfə Olimpiya çempionu olan və sərbəst güləş üzrə dünyanın ən yaxşı idmançısı kimi tanınan B.Saytiyev "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq ilə görüşüb və Avropa Oyunlarının baş ofisi ilə tanış olub.

Eyni zamanda, 6 dəfə dünya və 6 dəfə Avropa çempionu olmuş B.Saytiyev Bakıya səfərinin bir hissəsi kimi "Bakı 2015" Avropa Oyunlarının keçiriləcəyi bir neçə idman obyektinə də baş çəkib.

S.Kleq deyib: "Cənab Saytiyevi burada qəbul etmək və onun gələn ilin yayında keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyi edəcək obyektlərdən bəzilərinə baş çəkməsi bizim üçün böyük şərəf idi. Güləş Azərbaycanda ən məşhur idman növlərindən biridir və cənab Saytiyev haqlı olaraq güləş əfsanəsi hesab olunur. Ona görə də onun Bakıya səfəri və dünya səviyyəli təcrübəsini komandamızla bölüşməsi bizim üçün xoş oldu".

B.Saytiyev 10 ildən artıqdır ki, sərbəst güləş üzrə 74 kq çəki dərəcəsində üstünlüyünü qoruyub saxlayıb və 1996-cı il Atlanta, 2004-cü il Sidney və 2008-ci il Pekin olimpiadalarında çempion olub.

Rusiyanın ən çox medalla təltif olunmuş idmançılarından biri olan B.Saytiyev Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif edilib.

B.Saytiyev deyib: "Bakı 2015 Avropa Oyunlarının baş ofisinə gəlmək və gələn il keçiriləcək oyunlarla əlaqədar olaraq gedən ən son hazırlıq işləri haqqında eşitmək mənim üçün böyük şərəf oldu. Bütün qitədə qeyd ediləcək birinci Avropa Oyunları böyük tarixi əhəmiyyətə malik yarışlar olacaq və mən həm Rusiyanın, həm də Avropanın elit idmançılarının bu cür möhtəşəm idman obyektlərində yarışacaqlarını səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, "Bakı 2015" Avropa Oyunlarında güləş üzrə yarışlar altı gün müddətində keçiriləcək. Heydər Əliyev Arenasında baş tutacaq yarışlarda sərbəst və yunan-Roma güləşi üzrə 480 idmançı 24 medal uğrunda mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti