Azərbaycan, Bakı, 22 noyabr /Trend/
Noyabrın 21-22-də Bakıda Avropa Olimpiya Komitəsinin Baş Assambleyası çox uğurlu keçdi. Trend-in məlumatına görə, bu barədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki şənbə günü Bakıda mətbuat konfransında deyib.
O bildirib: "Biz bu gün Baş Assambleyanı yekunlaşdırdıq və Bakıda yaradılan şəraitdən çox məmnun qaldıq".
P.Hikki vurğulayıb ki, tədbir yüksək səviyyədə təşkil olunmuşdu və çox mühüm məsələlər müzakirə edildi: "Biz ilk Avropa Oyunlarının keçirilməsi üçün Bakıdan yaxşı tərəfdaş tapa bilməzdik".
Onun sözlərinə görə, Oyunların keçirilməsi üçün Bakıda çox yüksək səviyyədə hazırlıq işləri görülüb ki, bunun da nəticəsində gələcək idman yarışları üçün yalnız infrastruktur baxımından deyil, o cümlədən sakinlərin təcrübəsi və biliyi baxmından böyük bir irs yaranıb.
P.Hikki qeyd edib ki, Azərbaycanda yarışlar zamanı işləmək istəyən çoxlu sayda könüllü var: "Azərbaycanın bir çox vətəndaşları Londonda Olimpiya Oyunlarında təcrübəsi olan ekspert və mütəxəssislərlə işləyir".
Onun sözlərinə görə, Avropa Olimpiya Komitəsi üçün yeni ifrastrukturun yaradılması əsas deyil: "Biz onu görmək istəyirik ki, yerli sakinlər bu cür yarışların keçirilməsi üçün yeni biliklər və təcrübə qazanır".
P.Hikki əlavə edib ki, Avropa Oyunları böyük bir tədbirdir. O deyib ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Bakıda yarışların açılış mərasimində iştirak etmək qərarına gəlib: "Həmçinin Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti, şeyx Əhməd əl-Sabah da açılış mərasimində iştirak edəcək".
P.Hikki əlavə edib ki, BEGOC-un (Təşkilat Komitəsi) möhtəşəm təqdimatı da var.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bir çox olimpiya şəhərlərinin yarışlara hazırlaşmaq üçün yeddi il vaxtı var: "Lakin BEGOC çox möhtəşəm işlər görüb. Bütün bunlar sadəcə 2 il ərzində edilir və onun indiyə qədər gördüyü və bundan sonra görəcəyi işlər sadəcə çox möhtəşəmdir".
P.Hikki vurğulayıb ki, Avropa Oyunlarının keçirilməsi üçün növbəti şəhər təxminən may ayına qədər seçiləcək.