Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Azər Niftiyev/
Koreya Respublikasının Munqyeonq şəhərində hərbçilərin VI dünya idman oyunlarında Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun komandası təmsil edir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Taekvondo üzrə yarışda 87 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Radik İsayev fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Birinci Avropa Oyunlarının çempionu əvvəlcə Ruy Yanqı (Çin), ardınca Ruslan Japarovu (Qazaxıstan) məğlub etsə də yarımfinalda almaniyalı Volker Vodzixə 3:5 hesabı ilə uduzub. Lakin bürünc medal uğrunda görüşdə rusiyalı Yuri Kiriçenkoya qalib gələn dünya çempionumuz mükafatçılar sırasında yer alıb.
Taekvondo üzrə digər yarışa səkkizdəbir final mərhələsindən mübarizəyə qoşulan Ayxan Tağızadə (68 kq) əvvəlcə Harkourt Lordenə (Kanada), ardınca Edqar Kontrerasa (Venesuela) şans verməyərək yarımfinala vəsiqəni təmin edib. Birinci Avropa Oyunlarının qalibi yarımfinalda İtaliya təmsilçisi Kladio Treviso ilə qarşılaşmada da inamlı qələbə qazanaraq finala yüksəlib. Lakin idmançımız həlledici döyüşdə rəqibinə uduzaraq gümüş medalla kifayətlənməli olub.
Yunan-Roma güləşi üzrə yarışların ilk günündə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində güləşçilər mübarizə aparıb.
80 kiloqram çəki dərəcəsində yarışlarda iştirak edən yığma komandanın üzvü Rafiq Hüseynov finala vəsiqə qazanıb. İlk görüşdə Estoniyadan Hardo Tutsu məğlub edən (8:2) idmançımız sonra litvalı Yulius Mateuzeviçusa 4:0 hesabı ilə qalib gəlib.
Yarımfinalda Ermənistan idmançısı Sargis Koçaryanla görüş də Rafiq Hüseynovun qələbəsi ilə nəticələnib (4:1) və güləşçimiz finala yüksəlib. Finalda onun rəqibi olan Rusiya təmsilçisi Yevgeni Saleevi 5:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Bununla da R.Hüseynov hərbçilərin VI dünya idman oyunlarında ölkəmizə ilk qızıl medalı qazandırıb.
Yunan-Roma güləşi yarışlarının ikinci günündə Cavid İbrahimli (75 kq) və Soltan İsmayılov (85 kq) xalça üzərinə çıxacaqlar.
Xatırladaq ki, komandamız 1 qızıl, 3 gümüş və 6 bürünc medal qazanmaqla ümumilikdə 10 medala sahibdir.
Yarışlar oktyabrın 11-də yekunlaşacaq".