...

Şahin Diniyev: "Bunu faciə etmək istəmirik"

İdman Materials 11 Dekabr 2015 18:50 (UTC +04:00)
Komandada yorğunluq və durğunluq hiss olunur.
Şahin Diniyev: "Bunu faciə etmək istəmirik"

Bakı. Trend:

Komandada yorğunluq və durğunluq hiss olunur. Trend-in PFL-in saytına istinadən verdiyi məlumata görə, bunu Premyer Liqanın XVI turunun "Kəpəz" - "Rəvan" oyunundan (0:0) sonra Gəncə təmsilçisinin baş məşqçisi Şahin Diniyev deyib.

Ş.Diniyev bildirib ki, oyun barədə çox danışmağa ehtiyac yoxdur: "Biz mövsüm ərzində ən zəif oyunlarımızdan birini keçirdik. Çalışacağıq ki, son iki matçı motivasiya hesabına reallaşdıraq. Qarşımızda inamlı müdafiəyə malik "Rəvan" vardı. İnamlı müdafiəni yarmaq üçün isə sürətli hücumlar lazımdır. Lakin komandada sürət çatışmırdı. Liderlər qrupuna yaxınlaşmaq üçün mütləq qələbə qazanmalı idik. Amma bunu faciə etmək istəmirik, irəli baxmaq lazımdır. Sadəcə, komandanın qol vura bilməməsi məni narahat edir".

O, əlavə edib ki, bu məqam bir futbolçu ilə bağlı deyil: "Başqa problemlər də var ki, bunu mən yaxşı bilirəm. Komanda artıq "oturub". Buna səbəb 17 oyunu eyni heyətlə keçirməyimizdir. Komandada yorğunluq və durğunluq hiss olunur. Dəyişiklik etmək imkanlarım olmasa da, çalışacağıq ki, qış fasiləsinə qədər olan son iki oyunu yaxşı nəticələrlə başa vuraq".

"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov isə qeyd edib: "Bizim üçün bütün oyunlar, xallar çox önəmlidir. "Kəpəz" keyfiyyətli oyunçulara malik mobil bir komandadır. Lakin mən futbolçulara demişdim ki, şanslarımız bərabərdir. Oyun heç-heçə bitdi və Gəncədə qazanılan 1 xala görə çox şadam. Ağıllı oyun sərgiləyən futbolçulara təşəkkür edirəm. Lazım olan nəticəni qazanıb evə dönürük. Artıq "Kəpəz"lə oyunu unudub, qarşıdakı matçlara hazırlaşacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti