Bakı. Maksim Tsurkov - Trend:
"Çox şadam ki, Bakıda bu qədər "Formula 1" fanatı var və ümid edirəm ki, bundan sonra onların sayı daha çox olacaq".
Bunu Trend-ə "Haas" komandasının pilotu Esteban Qutyerres deyib.
Bakı şəhər trasının çox bəyəndiyini deyən pilot qeyd edib ki, tras çox çətin və maraqlıdır: "Yürüş çox maraqlı olacaq".
E.Qutyerres ümid etdiyini deyib ki, bu tras uğurlu nəticə ilə yadda qalacaq: "Bakıda ilk dəfə oluram və şəhər çox xoşuma gəldi".
Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.