...

Direktor: Milli Gimnastika Arenası Dünya Kubokunu qəbul etməyə tam hazırdır (FOTO)

İdman Materials 14 Fevral 2017 15:17 (UTC +04:00)
Milli Gimnastika Arenası batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır.
Direktor: Milli Gimnastika Arenası Dünya Kubokunu qəbul etməyə tam hazırdır (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Milli Gimnastika Arenası batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır.

Bunu Trend-ə arenanın direktoru Maqsud Fərzullayev deyib.

O deyib: “Biz bu cür tədbirlərə ciddi şəkildə hazırlaşırıq. Bu, ilin ilk böyük yarışıdır və ümumilikdə arena turnirə tam hazırdır. Biz bütün testləri keçirmişik və əminik ki, hər şey yüksək səviyyədə keçəcək”.

Onun sözlərinə görə, tamaşaçılara bir sıra yeniliklər təqdim olunacaq: “Bizim üçün əsas innovasiya yarış meydançasının üzərində qurulan böyük ekrandır. Fikrimizcə bu, turnirə böyük effekt verəcək. Bu ekranın özəlliyi ondadır ki o, fəxri kürsü ilə eyni səviyyədə yerləşir və çox effektli görünür. Ekran dörd hissəyə bölünür. Orada eyni zamanda həm çıxışlara, həm maraqlı anların təkrarına, həm hakimlərin qiymətləndirməsinə, həm də turnir cədvəlinə baxmaq olar”.

O, Bakı sakinlərini və şəhərin qonaqlarını Dünya Kubokuna canlı baxmağa çağırıb.

Arenanın direktoru həmçinin qeyd edib ki, Milli Gimnastika Arenası iri beynəlxalq yarışları qəbul edən digər idman tikililəri ilə eyni pillədə dayanır: “Arenamız bütün yarışlara uyğunlaşmağa hazırdır. Bildiyiniz kimi, Bakıda 2020-ci ildə idman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək. Buna qədər isə biz bir çox digər yarışları qəbul edəcəyik. Qarşıda bizi daha iki Dünya Kuboku və İslam Həmrəyliyi Oyunları gözləyir. Bundan başqa, sentyabrda arenamız voleybol üzrə Avropa çempionatının matçlarını qəbul edəcək. Bu bizim üçün yenilikdir. Voleybol bizim üçün yeni idman növüdür, amma düşünürəm ki, biz bunun öhdəsindən gələcəyik”.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının yeni Olimpiya dövründə batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kuboku 18 və 19 fevral tarixlərində Bakıda Milli Gimnastika Arenasında baş tutacaq.

15 ölkədən paytaxtımıza təşrif buyuracaq 85 nəfər batutçu və tamblinqçi iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaq. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Azərbaycanı batut üzərində fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcək.

Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku Bakıda artıq ikinci dəfədir təşkil olunur. Bu il isə tamblinq üzrə bu qəbildən olan yarışların ölkəmizdə debütüdür. Yüksək səviyyəli təşkilatçılığı ilə hər zaman fərqlənən gimnastika yarışları bu dəfə də bir çox yenilikləri ilə yadda qalacağını vəd edir.

Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələr və fleşmoblarda da iştirak edə biləcəklər.

Məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.

Tamblinq cığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar öz məharətlərini nümayiş etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti