...

Rza Əliyev: Dünya kubokunda finala çıxmaq şanslarımız hələ də var

İdman Materials 15 Mart 2018 16:28 (UTC +04:00)
Sabahkı hərəkətlərdə finala çıxmağa çalışacağıq
Rza Əliyev: Dünya kubokunda finala çıxmaq şanslarımız hələ də var

Bakı. Ənvər Məmmədov - Trend:

Sabahkı hərəkətlərdə finala çıxmağa çalışacağıq.

Trend-in məlumatına görə, bunu kişi idman gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi Rza Əliyev deyib.

O qeyd edib ki, yarışların ilk günündə yetirmələrinin çıxışından razı qalmayıb:

“Biz finala çıxmağa ümid edirdik, amma bir neçə səhv etdik. Hesab edirəm ki, uşaqlara psixoloji amil mane oldu. Biz dörd sınaq məşqi keçirmişdik və nəticələr yaxşı idi”.

Bununla belə məşqçi hesab edir ki, gimnastlar vəziyyəti düzəldə bilərlər:

“Hələ ki, hər şey itirilməyib. Sabah digər alətlərdə çıxışlar olacaq. Biz Dariy Morozovun dəstəli at üzərində hərəkətlərinə ümid edirik. Onun proqramı zəif deyil”.

Qeyd edək ki, yarışın ilk günündə Murad Ağarzayev və Dariy Morozov sərbəst hərəkətlərdə müvafiq olaraq 12,766 və 13,000 xal toplayaraq finala çıxmaq şanslarını itiriblər. Üçüncü azərbaycanlı gimnast, paralel qollarda çıxış edən Timur Bayramov da 12,733 xal yığmaqla final şansından məhrum olub.

Sabah Murad Ağarzayev dayaqla tullanmada, gimnastika tirində və dəstəli at üzərində çıxış edəcək. D.Morozov dəstəli at üzərində hərəkətlərdə finala vəsiqə qazanmağa çalışacaq, T.Bayramov isə gimnastika tirində çıxış edəcək.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında İdman Gimnastikası üzrə Dünya Kubokuna start verilib.

Kişi və qadın idman gimnastları turnirin ilk iki günü təsnifat mərhələləri, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq, medallar uğrunda mübarizə aparacaqlar.

Azərbaycanı idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Dariy Morozov və Teymur Bayramov, qadınlar arasında isə Marina Nekrasova, Mariya Smirnova və Yuliya İnşına təmsil edəcəklər.

Martın 15-dən 18-dək davam edəcək bu mötəbər yarışa Azərbaycan 3-cü ildir ki, ev sahibliyi edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti