...

Milli Paralimpiya Komitəsi ilə İtaliyanın Paralimpiya İdman Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

İdman Materials 11 May 2019 17:47 (UTC +04:00)
Bakıda Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) ilə İtaliyanın Görmə Məhdudiyyətli Şəxslərin Paralimpiya İdman Federasiyası arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb.
Milli Paralimpiya Komitəsi ilə İtaliyanın Paralimpiya İdman Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Bakıda Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) ilə İtaliyanın Görmə Məhdudiyyətli Şəxslərin Paralimpiya İdman Federasiyası arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb.

Trend-in məlumatına görə, memorandumu MPK-nın prezidenti İlqar Rəhimov və Federasiyanın prezidenti Sandro Di Cirolamo imzalayıblar.

Memorandum hər iki qurum arasında əməkdaşlığın müxtəlif sahələri, o cümlədən təcrübə mübadiləsini, həmçinin paralimpiya idmanı və inteqrasiya sahələrində təlim və seminarların təşkilini nəzərdə tutur.

AMPK-nın fəaliyyəti barədə qonaqlara məlumat verən İ.Rəhimov qeyd edib ki, ölkəmizdə inklüziv idmanın inkişaf etdirilməsi üçün mühüm addımlar atılır: "Yaxın günlərdə Azərbaycan paracüdo üzrə beynəlxalq Qran-Priyə ev sahibliyi edəcək. Biz turniri təkcə yarış kimi deyil, idman bayramı kimi təşkil etmək istəyirik. Əlillər ancaq tatami üzərində çıxış etməyəcəklər. Biz onları yarışın təşkilati işlərinə, könüllülük fəaliyyətinə və açılış mərasiminə cəlb etmişik".

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan AMPK prezidenti deyib ki, Azərbaycanda paralimpiya hərəkatının inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür: "Bakıda 2015-ci ildə keçirilən ilk Avropa Oyunlarında, iki il sonra təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında paralimpiyaçılar da iştirak ediblər. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə Paralimpiya hərəkatının inkişafına göstərdiyi yüksək diqqətin təzahürüdür".

Sandro Di Cirolamo Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Qonaq bildirib ki, paracüdo üzrə beynəlxalq Qran-Prinin Azərbaycanda təşkili mühüm hadisədir. Azərbaycanın güclü idman ənənələrinə malik ölkə olduğunu vurğulayan qonaq Qran-Prinin yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirib.

Əməkdaşlığın əhəmiyyətindən danışan Sandro Di Cirolamo qolbol üzrə Azərbaycan millisini oktyabrda İtaliyada keçiriləcək Avropa çempionatına dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti