Bəziləri anlayışı olmadan danışmağı bacarırlar - Rafiq Hüseynov (VİDEO)

İdman Materials 21 Mart 2024 13:57 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan millisinin yunan-Roma güləşçisi Rafiq Hüseynovun (82 kq) İdman.biz TV-yə müsahibəsi

Trend İdman.biz-ə istinadən müsahibəni təqdim edir:

- Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatından öncə zədəndin və bu yaxınlarda əməliyyat olundun. Hazırda özünü necə hiss edirsən?

- Avropa çempionatına 1 qalmış zədələnməyim çıxışıma təsir etdi. Buna baxmayaraq, əlimdən gələni etməyə çalışdım. Avropa çempionatından sonra məsləhət oldu ki, Vladiqafqazda təlim-məşq toplanışını keçim. Çünki bizi qarşıda lisenziya turniri gözləyir və bu ağır sınaqdır. Ondan sonra Bakıda klinikaların birində əməliyyat olundum. Bu ağır əməliyyat deyil, mikroəməliyyatdır. Uğurlu keçdiyini düşünürəm. Hazırda məşqlərimə təsiri yoxdur. Özümü hazırda optimal formada və yaxşı hiss edirəm.

- Avropa çempionatında uğursuz çıxışdan sonra hətta bu barədə paylaşım da etdin. Səni ən çox narahat edən məqam nə idi?

- Xoşagəlməz haldır ki, bəziləri anlayışı olmadan sadəcə danışmağı bacarırlar. Məntiqsiz-məntiqsiz söhbətlər etdilər. Təbii ki, idmanın marağı ondadır ki, hər yarışda qalib gəlmirsən. Bu normal bir şeydir. Məğlubiyyətlər səbəbindən qələbə anında bu qədər sevinirik. Heç vaxt məğlub olanda səbəb gətirməyi sevmirəm. Amma real faktlardan danışmaq yerinə düşər. Çünki görürəm ki, belə hadisələr baş verir ki, bəzi anlayışı olmayan şəxslər qeyri-etik və maraqsız söhbətlər edirlər. Bu baxımdan məcbur oldum zədələnməyimi bildirim. Zədə tam optimal formada çıxışıma mane oldu. Amma Avropa çempionatından qabaq tam yaxşı formada idim. Fikirləşirdim ki, Avropa çempionatı uğurlu olacaq. Sadəcə yarışa 1 gün qalmış aldığım zədə məni 4-cü Avropa qızılından məhrum etdi.

- Bakıdakı Avropa Olimpiya Təsnifat turniri ilə bağlı nə deyə bilərsən?

- Komanda yoldaşlarımdan 60 kq-da Nihat Məmmədlidən gözləntilərim böyükdür. Gəncdir, perspektivlidir və eyni zamanda, enerji dolu bir idmançıdır. Yüksək texniki keyfiyyətləri var. Bunu Avropa çempionatında da göstərdi. Fikirləşirəm ki, burda lisenziya almalıdır. 97 kq-da Murad Əhmədiyev çox təhlükəli idmançıdır. Çox gözəl fəndləri tətbiq edir. Hazırda gənc idmançılardandır, hansı ki, beynəlxalq arenalarda özündən yaşca böyüklərə meydan oxuyur. Fikirləşirəm ki, o da lisenziya ala bilər. Beka Kandelaki (130 kq) də son Avropa çempionatında göstərdi ki, o lisenziya almağa layiqdir. Ümid edirəm ki, bu idmançılar lisenziya alıb, xalqımızı sevindirəcəklər və Olimpiya Oyunlarında tam heyətlə çıxış edəcəyik.

- Yarışın doğma divarlar arasında keçirilməsinin üstünlüyü nədir?

- Digər növlərdən fərqli, güləşdə daim arenalarımız dolur. Ümid edirəm ki, bu dəfə də belə olacaq. Biletləri də bacardıqları qədər ucuz ediblər ki, əlçatan olsun. Buradan hər bir tamaşaçıya, hər bir azarkeşə bildirmək istəyirəm ki, komandamızı yalnız buraxmasınlar və yanımızda olsunlar. İdmançılarımızın bu dəstəyə ehtiyacı var. Məhz bu dəstəyin səbəbidir ki, doğma arenalarda yaxşı güləşirlər. Ümid edək ki, tamaşaçılarımız, azarkeşlərimiz komandamızı tək qoymayacaqlar və biz birlikdə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacağıq.

Xəbər lenti

Xəbər lenti