...

Vergi sahəsində özəl sektorun təklifləri müzakirə olunub

İqtisadiyyat Materials 5 Sentyabr 2016 17:31 (UTC +04:00)
Bu gün Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri və Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) üzvləri arasında görüş keçirilib.
Vergi sahəsində özəl sektorun təklifləri müzakirə olunub

Bakı. Trend:

Bu gün Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri və Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) üzvləri arasında görüş keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, görüşün keçirilməsində məqsəd Azərbaycan Prezidentinin 4 avqust 2016-cı il tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamında əks olunan islahat istiqamətləri üzrə fikir mübadiləsi aparmaq, həmin Sərəncamla verilmiş tapşırıqların icrası zamanı özəl sektorun təkliflərinin də nəzərə alınmasının təmin edilməsi olub.

Görüşdə çıxış edən Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə Musayeva bildirib ki, 4 avqust 2016-cı il tarixli Sərəncam vergi sahəsində aparılacaq əsas islahatları özündə ehtiva edir. Qeyd edilib ki, sərəncamın icrası ilə bağlı işlər dörd əsas istiqamətdə - vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi ödəyicilərinə xidmətin səviyyəsinin daha da yüksəldilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətlərində aparılır. Bu işlər çərçivəsində ƏDV-nin differensiallaşdırılması, sabit verginin tətbiqi, vergi öhdəliklərinin əvvəlcədən müəyyən edilməsi (ATR), könüllü vergi açıqlaması, vergi yoxlamalarının qısa müddətdə başa çatdırılması və nəticələrinin rəsmiləşdirilməsi zamanı vergi ödəyicisinin iştirakının təmin edilməsi, elektron auditin tətbiqi dairəsinin genişləndirilməsi, transfer qiymətqoyma, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması, ictimai məlumatlandırma mexanizmlərinin hazırlanması, intizamlı vergi ödəyicilərinin müəyyən edilərək onlara müəyyən imtiyazların verilməsi, Çağrı Mərkəzi vasitəsilə göstərilən xidmətlərin dairəsinin genişləndirilməsi xüsusi yer tutur.

Sonra həyata keçiriləcək islahatlarla bağlı biznes subyektlərinin təklifləri dinlənilib, vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətləri ətrafında geniş müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti