...

Azərbaycan-İran Dövlət Komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır

İqtisadiyyat Materials 22 Dekabr 2017 17:40 (UTC +04:00)
Şahin Mustafayev ölkəmizdə səfərdə olan İranın Prezident Aparatının rəhbəri Mahmud Vaezi ilə görüşüb.
Azərbaycan-İran Dövlət Komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır

Bakı. Trend:

İqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İranın Prezident Aparatının rəhbəri Mahmud Vaezi ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan-İran iqtisadi əlaqələrinə, əməkdaşlıq perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir Ş.Mustafayev Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə, eləcə də iqtisadi sahədə uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, son 4 ildə yüksək səviyyəli 10 görüş keçirilib, müxtəlif tərkibli nümayəndə heyətlərinin 100-dən çox qarşılıqlı səfəri həyata keçirilib, 40-dan çox sənəd imzalanıb, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 3 iclası keçirilib. Yaxın zamanlarda Dövlət Komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır.

Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirən Ş.Mustafayev qeyd edib ki, ticarət dövriyyəsi 2016-cı ildə 70%, 2017-ci ilin yanvar-sentyabr aylarında isə 33% artıb. Azərbaycan və İran investisiya qoyuluşu sahəsində də əməkdaşlıq edir, Azərbaycanda İran şirkətləri uğurla fəaliyyət göstərir. Ölkələrimizin Şimal-Cənub nəqliyyat dəhlizi, Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodu, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu, energetika sahəsində “Xudafərin/Qız Qalası” hidroqovşaqları kimi layihələr çərçivəsində əməkdaşlıq etdiyini bildirən nazir Şahin Mustafayev bu layihələrin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, avtomobil istehsalı və əczaçılıq zavodlarının tikintisi sahəsində işlər davam etdirilir. Azərbaycanın Ələt limanı ilə İranın Ənzəli və Əmirabad limanları arasında əməkdaşlığın genişləndirilməsi ölkələrimiz arasında nəqliyyat və tranzit sahələrində əlaqələrin inkişafı baxımından önəmlidir. Sabirabad Sənaye Məhəlləsində avtobus, Hacıqabul Sənaye Məhəlləsində isə birgə kənd təsərrüfatı texnikasının istehsalı üçün imkanlar genişdir.

M.Vaezi səfər çərçivəsində Azərbaycan Prezidentinin İran nümayəndə heyətini qəbul etməsindən məmnunluğunu bildirib, son zamanlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb. Kənd təsərrüfatı, sənaye, bankçılıq, neft-qaz sahələrində əməkdaşlıq imkanlarını qeyd edən M.Vaezi bildirib ki, ölkələrimiz arasında birgə layihələr olan avtomobil istehsalı və əczaçılıq zavodlarının tikintisi sahəsində görülən işlər sürətləndirilməlidir.

Görüşdə həmçinin, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının növbəti iclasına, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə, Astara (İran) terminalına dair müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti