...

Yeni hərraca 96 əmlak çıxarılıb

İqtisadiyyat Materials 25 Dekabr 2017 11:49 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 23 yanvar tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
Yeni hərraca 96 əmlak çıxarılıb

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 23 yanvar tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

Komitədən Trend-ə verilən məlumata görə, hərracda müxtəlif çeşidli 96 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyətləri, 35-i isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Kürdəmir Kəndkimya”, “Ağcabədi Aqrotexservis”, “Xırdalan yük nəqliyyat”, “Zaqatala Sənaye Kombinatı”, “Xosrov Metal Plastmas” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Mingəçevir Qum Çınqıl” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 155 min manatdan çoxdur. Bundan başqa qiymətində digərlərindən fərqlənən əmlak “Yevlax Kəndkimya Təchizat” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın 30% səhmi isə 111 min manata yaxın təklif olunur.

Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Şəki, Beyləqan, İsmayıllı, Neftçala və digər şəhər və rayonlarda yerləşir.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 9-u paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 13 kv.m ilə 3013 kv.m arasında dəyişir.

Qeyd edək ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan İmişli rayonunda yerləşən 127 kv.m olan qeyri-yaşayış binasını nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 5 min 500 manat təşkil edir.

Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti