...

Xudafərin Gömrük İdarəsinin ərazisində sahibkarlıq fəaliyyəti müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 25 Yanvar 2018 18:51 (UTC +04:00)
Beyləqan rayonunun Gənclər Mərkəzində yerli iş adamları ilə görüş keçirilib.
Xudafərin Gömrük İdarəsinin ərazisində sahibkarlıq fəaliyyəti müzakirə edilib (FOTO)

Bakı. Trend:

Beyləqan rayonunun Gənclər Mərkəzində yerli iş adamları ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İctimai Şuranın təşkil etdiyi görüşdə Xudafərin Gömrük İdarəsinin fəaliyyət zonasındakı biznes subyektləri ilə yanaşı, Beyləqan Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti və Dövlət Baytarlıq Nəzarəti xidmətlərinin nümayəndələri də iştirak edib.

Görüşdə gömrük orqanları tərəfindən xarici ticarətin asanlaşdırılması və daxili bazarın qorunması istiqamətində görülən işlər, gömrük ödənişləri zamanı sahibkarlara tətbiq olunan güzəştlər və göstərilən elektron gömrük xidmətlərindən bəhs edilib. İş adamlarına xarici iqtisadi fəaliyyətin inkişaf etdirilməsi, dövlətin iqtisadi təhlükəsizliyinin, iqtisadi maraqlarının qorunması, ticarət dövriyyəsinin sürətləndirilməsi, o cümlədən daxili istehsalın stimullaşdırılması və ixrac potensialının inkişaf etdirilməsi məqsədilə aparılan islahatlar, qanunvericilik bazasının daha da təkmilləşdirilməsi və əlverişli biznes infrastrukturunun qurulması üçün görülən işlər barədə məlumat verilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Xudafərin Gömrük İdarəsinin rəisi Arif Mehdiyev Azərbaycan iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələndirilməsində özəl sektorun xüsusi roluna toxunub, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən danışıb.

Xudafərin Gömrük İdarəsi Yük şöbəsinin rəisi Nazim Sultanov isə Dövlət Gömrük Komitəsi tərəfindən son illər biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, biznes subyektlərinə dəstəyin genişləndirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Füzuli Regional Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Yusif Ələkbərov bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınmasına, xəstəliklərin aradan qaldırılmasına, məhsul itkisinə yol verilməməsinə, ətraf mühitin və əhalinin sağlamlığının, habelə flora və faunanın pestisidlərin, digər zəhərli kimyəvi maddələrin zərərli təsirindən qorunmasına yönəldilmiş bitki mühafizəsi tədbirləri və bu sahədə sahibkarlara göstərilən yardımdan danışıb.

Sonra Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Ağcabədi Rayon Baytarlıq İdarəsinin rəisi Natiq Mirzəyev ölkə ərazisində bütün növ heyvanların (mal-qaranın, quşların, xəzdərili heyvanların, balıqların, arıların, vəhşi heyvanların) müxtəlif xəstəliklərdən qorunmasını və onların müalicəsini, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorunmasını, ölkə ərazisinin xarici dövlətlərdən keçə biləcək yoluxucu xəstəliklərdən mühafizə edilməsini, eləcə də heyvan mənşəli məhsulların və xammalın zəruri baytarlıq (baytarlıq-sanitariya) keyfiyyətinə nəzarəti təmin etmək və bu istiqamətdə sahibkarlara göstərilən kömək barədə məlumat verib.

Daha sonra Azərbaycan Şəkər İstehsalat Birliyi və "Şan" MMC-nin nümayəndələri, həmçinin digər sahibkarlar çıxış edərək gördükləri işlər barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti