Bakı. İlkin Şəfiyev - Trend:
Yaxın vaxtlarda Azərbaycan-Rusiya sərhədində aksiz gömrük postu yaradılacaq.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, bu, Rusiyaya göndərilən yerli tütün məhsulları və alkoqollu içkilərin idxalını asanlaşdıracaq:
"Əvvəllər yerli mallar Gürcüstana gedir, oradan Rusiyaya ötürülürdü. İndi buna ehtiyac qalmayacaq".
Ş.Mustafayev həmçinin iki ölkə arasında ticarət münasibətlərinin uğurlu inkişafını qeyd edib:
“Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 22 faiz artıb. Bu ilin yanvar-mart aylarında ticarət dövriyyəsi 32 faiz, Azərbaycandan Rusiyaya ixracat isə 50 faiz artıb”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ildə Rusiya ilə ölkəmiz arasında mal dövriyyəsi 2,14 milyard dollar təşkil edib.