Bakı. Trend:
2018-ci ilin noyabr ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 700-dən çoxu canlı rejimdə birbaşa, 136-sı isə səsli menyu vasitəsilə olmaqla 850-yə yaxın müraciət daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumatına görə, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə qaydaları, istehlakçıların hüquqlarının müdafiəsi, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, xarici ölkələrə ixrac missiyalarının təşkili və beynəlxalq sərgilərdə iştirak, eləcə də Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.
Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.
Ümumilikdə fəaliyyətə başladığı 2009-cu ildən indiyədək 195-2 Çağrı Mərkəzinə 82 mindən çox müraciət daxil olub.
195-2 Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.