Bakı. Trend:
“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensialından səmərəli istifadə edilməsi, sahibkarların tütün istehsalına marağının artırılması məqsədilə həyata keçirilmiş məqsədyönlü tədbirlər tütünçülüyün inkişafında da mühüm nəticələrin əldə olunmasına imkan yaradıb.
Trend-in məlumatına görə, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nəzdində olan “Azərtütün ASK” MMC-nin təşəbbüsü ilə təşkil olunmuş “Biznes tərəfdaşlarla görüş” adlı tədbir kənd təsərrüfatının bu mühüm sahəsinin inkişafı istiqamətində aparılan işlər, mövcud bazarın vəziyyəti, perspektivlər və planlar, qarşıya çıxan problemlərə həsr edilmişdi.
Tədbirdə “Azərbaycan Sənaye Korporasiyası” ASC, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və “Azərtütün ASK” MMC-nin rəsmiləri, habelə tütün istehsalı, emalı və satışı ilə məşğul olan şirkətlərin nümayəndələri, fermerlər, tütünçülük üzrə ekspertlər, həmçinin Yaponiya və Serbiyadan dəvət olunmuş qonaqlar iştirak edirdilər.
Azərbaycan Sənaye Korporasiyasından bildirilib ki, ASC-nin Aqrar-sənaye sahələri departamentinin direktoru İlham Bayramov qeyri-neft sektorunun inkişafı fonunda aqrar sahədə əldə edilmiş nailiyyətlərdən danışıb. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin rəsmisi kənd təsərrüfatının ənənəvi istiqamətləri üzrə, o cümlədən tütünçülüklə bağlı dövlət proqramında qarşıya qoyulmuş məqsəd və vəzifələrin icrasının təmin edilməsi üçün görüləcək işlərdən, mövcud problemlərdən bəhs etdi.
“Azərtütün ASK” MMC-nin nümayəndələri qurumun yaradılması, fəaliyyəti, görülən işlər, gələcək planlar və perspektivlər haqqında təqdimat xarakterli çıxışlar ediblər.
Çıxışçılar Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Rəfael Quliyev “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” üzrə nəzərdə tutulan tədbirlər, tətbiq olunan güzəşt və subsidiyalar, o cümlədən aparılan elmi tədqiqatlar və toxumçuluğun yaradılması istiqamətində görülən işlərdən danışıb.
İştirakçılar əkin, becərilmə, yığım, daşınma prosesləri, o cümlədən yaş tütünün tədarükü, onun xüsusi avadanlıqlarda qurudulması, sənaye üsulu ilə emalı və istehsal olunan qablaşdırılmış məhsulun satışı haqqında fikir və təkliflərini bildirdilər. Bununla yanaşı fermerlər tütün və tütün məmulatları istehsalında mövcud olan problemlər, onların qarşılaşdıqları çətinliklər barədə də məlumat verdilər. Bu sahədə tələb olunan texnika və texnoloji avadanlıqlar, aqrokimyəvi preparatlara olan tələbat müzakirə edilib, eləcə də tütünçülüyün inkişafına dövlət dəstəyi sayəsində tütün istehsalında məhsuldarlığın artırılması, keyfiyyətin və səmərəliliyin yüksəldilməsi ilə bağlı təkliflər səsləndirilib.
Tədbirdə iştirak edən nümayəndələr tütünçülüyün inkişafına nail olmaq üçün tütün və tütün məmulatlarının istehsalı üzrə dəyər zəncirinin bütün mərhələrində iştirak edən tərəflər arasında qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.