...

Göyçayda tərkibində xəstəlik törədiciləri aşkarlanan 235 kq ət məhv edildi (FOTO)

İqtisadiyyat Materials 10 Aprel 2019 11:33 (UTC +04:00)
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Göyçay rayonu, Çayarxı kəndində Kərimov Ağalar Nurəmməd oğluna məxsus heyvan kəsimi sahəsinə baxış keçirilən zaman 235 kq istehlaka yararsız ət aşkar olunub.
Göyçayda tərkibində xəstəlik törədiciləri aşkarlanan 235 kq ət məhv edildi (FOTO)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Göyçay rayonu, Çayarxı kəndində Kərimov Ağalar Nurəmməd oğluna məxsus heyvan kəsimi sahəsinə baxış keçirilən zaman 235 kq istehlaka yararsız ət aşkar olunub.

Agentlikdən Trend-ə verilən məlumata görə, ilkin araşdırmalar zamanı ətin orqanoleptik görüntülərinə əsasən istehlaka yararsız olduğu ehtimal edilərək heyvan cəmdəklərindən nümunələr götürülüb və Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında ekspertizaya cəlb edilib.

Aparılan analizlər nəticəsində ətin istehlak üçün yararsız olduğu öz təsdiqini tapıb. Belə ki, ətin tərkibində Nazirlər Kabinetinin 2006-cı il 7 iyul tarixli, 167 nömrəli qərarı ilə təsdiqlənmiş “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli xəstəliklər” siyahısına daxil edilən təhlükəli bakteriya və göbələk mənşəli xəstəliklərin törədiciləri aşkarlanıb.

Heyvan cəmdəkləri Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Göyçay rayonunun məişət tullantıları poliqonunda baytarlıq-sanitariya tələblərinə uyğun olaraq məhv edilib.

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir. Agentlik vətəndaşlardan xahiş edir ki, istehlakçı hüquqlarının pozulması hallarına biganə qalmasınlar və əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirlərində yaxından iştirak etsinlər.

Agentlik vətəndaşlardan qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda aidiyyəti hüquq-mühafizə orqanlarına və 1003 nömrəli "Çağırı Mərkəzi”nə zəng edib məlumat verməyi xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti