...

İlyas Hüseynov: Azərbaycanda bu ilin ilk üç ayının yekunları müsbət qiymətləndirilməlidir

İqtisadiyyat Materials 14 Aprel 2020 22:02 (UTC +04:00)
Qlobal müstəvidə problemlərin olmasına və iqtisadi dalğalanmalara baxmayaraq, Azərbaycanda bu ilin ilk üç ayının yekunlarını müsbət qiymətləndirilməlidir.
İlyas Hüseynov: Azərbaycanda bu ilin ilk üç ayının yekunları müsbət qiymətləndirilməlidir

Bakı. İlhamə İsabalayeva - Trend:

Qlobal müstəvidə problemlərin olmasına və iqtisadi dalğalanmalara baxmayaraq, Azərbaycanda bu ilin ilk üç ayının yekunlarını müsbət qiymətləndirilməlidir.

Bunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mühüm mesajlar verildi:

"Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən videkonfransda bildirildi ki, 2020-ci il Azərbaycan üçün uğurla başlayıb, inkişaf və tərəqqi müşahidə olunub. Eyni zamanda islahatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığı qeyd olundu. Dünyada tüğyan edən koronavirus bütün dünya iqtisadiyyatı üçün böyük problemə çevrilib və təbii olaraq, Azərbaycanın iqtisadi inkişafına da öz təsirini göstərib".

İ.Hüseynov qeyd edib ki, Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi və düşünülmüş siyasət nəticəsində vəziyyəti nəzarətdə saxlamaq mümkün olub. Bu gün ölkəmizdə ən prioritet məsələ vətəndaşlarımızın sağlamlığı və insanların həyatıdır. Koronavirusla mübarizə sahəsində lazımi avadanlıqların, ləvazimatların alınması üçün Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrılıb, 150 milyon manatın ayrılması da nəzərdə tutulur:

"Dövlət başçısının müdrik və praqmatik siyasəti, düşünülmüş addımları və təcrübə göstərir ki, siyasi və iqtisadi islahatlar paralel aparılarkən böyük uğurlar əldə oluna bilər. Aparılan islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur. Xüsusilə qeyd etmək lazımdır ki, yeni gəlir mənbələrinin aşkar edilməsi Prezident İlham Əliyev tərəfindən hökumət qarşısında tapşırıq kimi qoyulub".

Politoloq əlavə edib ki, keçən il dövlət büdcəsinə proqnozdan əlavə bir milyard manatdan çox, bu ilin üç ayında isə 300 milyon manatdan artıq vəsaitin daxil olması göstərir ki, bu il də makroiqtisadi sabitlik təmin ediləcək:

"Lakin bununla yanaşı, həm investisiya, həm də cari xərclərə yenidən baxılması zərurəti yaranıb. Prioritet təşkil etməyən xərclərin ixtisar edilməsi gözlənilir. Eyni zamanda, şəffaflığın tam təmin olunması, vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizminin tətbiqi istiqamətində əlavə addımların atılması hesabına iqtisadi-maliyyə vəziyyəti sabit saxlanılacaq".

İ.Hüseynov bildirib ki, sosial sahəyə ayrılan diqqət günü-gündən artırılır, işsizlərlə bağlı problemlər öz həllini tapır və işini itirənlər artıq öz adlarını kütləvi surətdə qeydiyyata salırlar. Hazırda ünvanlı sosial yardım alan insanların sayı 70 mindən çoxdur. Mövcud vəziyyətlə əlaqədar olaraq, son aylar ərzində ünvanlı sosial yardım alan insanların sayında artım müşahidə olunur. Müraciətlərlə bağlı hər bir məsələyə ayrı-ayrılıqda baxılır və vahid meyarlar tətbiq olunur:

"Əminliklə deyə bilərik ki, əgər koronavirus pandemiyası müdaxilə etməsəydi, iqtisadi uğurlar daha çox olardı. Lakin dövlətimiz bu ağır vəziyyətdən də çıxacaq, iqtisadiyyat və iş yerləri bərpa ediləcək. Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalı və böhran vəziyyətlərinə hazır olmalıyıq. Videkonfransda cari ilin sonuna qədər sosial sahədə heç bir proqramın ixtisar edilməyəcəyi xüsusi olaraq vurğulandı. Qeyd edək ki, 2020-ci ilin yanvar-fevral aylarında ümumi daxili məhsul 3 faizə yaxın artıb, qeyri–neft sektorunda isə təxminən 7 faizə yaxın artım olub. Bununla yanaşı, qeyri–neft sənaye sektorunda artım 23 faizdir".

Ekspertin fikrincə, bu da onu göstərir ki, son müddət ərzində dövlət başçısı tərəfindən bu sahəyə göstərilən diqqət və qoyulan sərmayə öz nəticəsini verməkdədir.

Onun sözlərinə görə, hazırda inflyasiya 3 faiz səviyyəsindədir. Əhalinin gəlirləri isə 7 faizə yaxındır. Üç ay ərzində vergi və gömrük orqanlarının tərəfindən daxilolmalar da proqnozdan artıq olub:

"Orta aylıq əməkhaqqının 28 faiz, orta pensiyanın təqribən 27 faiz artması da onu göstərir ki, bu istiqamətdə müsbət işlər görülüb. Qeyd edək ki, Azərbaycanda orta aylıq əməkhaqqı 712 manat, orta pensiya 295 manat, yaşa görə pensiya isə 330 manata yaxındır. Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq. 2020-ci ilin də çox dərin və geniş islahatlar ili olacağı gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti