Bakı. Trend:
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişiklik edilmişdir. Belə ki, dəyişikliyə əsasən fiziki şəxslər tərəfindən gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ümumi məbləği 800 ABŞ dollarına, poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üçün müəyyən edilmiş güzəşt limiti 300 ABŞ dollarına endirilib.
Dünyaca məşhur markaların Azərbaycandakı rəsmi təmsilçisi, 400 nəfərə yaxın işçisi olan “SSİ Retail” MMC-nin icraçı direktoru Şahin Qarayev yeni Qaydalar, onun ölkə iqtisadiyyatı üçün əhəmiyyəti barədə münasibət bildirib.
Hazırda COVID-19 pandemiyası bütün dünyaya, həmçinin ölkə iqtisadiyyatına, geyim sektorunda satış dinamikasına yan təsirlərini göstərməkdədir. Bu baxımdan onlayn sifarişlərə qoyulan yeni qaydaların yerli sahibkarlığın inkişafına, kütləvi işsizliyinin qarşısının alınmasına, əmək qabiliyyətinin yüksəldilməsinə, mövcud sektorda satışın stimullaşdırılması üçün mühüm qərar olduğu qeyd edən Ş. Qarayev yeni dəyişikliyin həmçinin, sağlam rəqabət mühitinin yaranmasına öz töhfəsini verəcəyini bildirir.
Direktorun sözlərinə görə, yerli sahibkar idxal etdiyi mala görə vergi və gömrük rüsumları ödədiyi halda, hüdudlardan ölkəmizə eyni məhsulu ticarət edən tərəf Azərbaycanın vergi və rüsumlarından azaddır. Belə ki, bu yerli bazarda qiymətin daha yüksək olmasına və satışın aşağı düşməsinə, nəticədə çalışan əməkdaşların iş yerini itirməsinə səbəb ola bilir. Aylıq əmək haqqı 350-500 manat təşkil edən həmin yüzlərlə işçi qüvvəsi heç də aylıq onlayn alış-verişə 1000 dollar sərf edən kütlə deyil. Təəssüf ki, böyük məbləğdə onlayn alış-veriş edən şəxslər, say etibarilə çoxluq təşkil edən və işini itirmək riskində olan, 350-500 manat əmək haqqı alan həssas təbəqə haqqında düşünmək istəmir.
Ş. Qarayev əlavə olaraq bildirib ki, yerli vətəndaşlarımızın alıcılıq qabiliyyəti nəzərə alınarsa, yeni tətbiq olunan 300 ABŞ dolları məbləğində limit belə yüksəkdir. Çünki geyim sektorunda alış-veriş edən müştərinin birdəfəlik orta xərci 70-90 manat ətrafında dəyişir.
“Bu qərar son illər sosial media və digər rəqəmsal satış alətləri vasitəsilə, kiçik ticarətlə məşğul olan və ya vergidən yayınaraq, qeyri-qanuni yollarla onlayn satış etməyə çalışan şəxslərin maraqlarına ziddir. Halbuki, yeni məhdudiyyətlər biznes mühitində ümumi rifahın yüksəldilməsi üçün faydalı olacaq. Zəncirvarı olaraq, bu, dövlət büdcəsi, sosial müdafiə haqlarının artırılması, maaşların stabil verilməsi, icarədarların və onların işçi qüvvəsinin rifahı üçün müsbət təsirini göstərəcək”, - deyə Şirkətin rəsmisi bildirib.