...

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

İqtisadiyyat Materials 1 İyul 2021 09:51 (UTC +04:00)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda işğaldan azad edilmiş ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası məqsədilə hazırda icra edilən layihələr, o cümlədən dəmir və avtomobil yollarının, hava limanlarının tikintisi üzrə görülən işlər, hazırda həmin ərazilərdə mövcud tələbata uyğun olaraq telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə layihələrin icra vəziyyəti barədə aidiyyəti qurumlar tərəfindən ətraflı məlumatlar verildi və müzakirələr aparıldı.

İclasda hazırda icra edilən strateji əhəmiyyətli infrastruktur layihələrinin keçdiyi ərazilərin minalardan təmizlənməsi məsələləri xüsusi olaraq müzakirə edildi, bu istiqamətdə görülən işlər barədə məlumatlar dinləndi, qarşıya çıxan problemlər və onlardan çıxış yolları barədə təkliflər səsləndirildi.

Bununla yanaşı, icrasına başlanan və planlaşdırılan layihələr üzrə layihə smeta sənədlərinin hazırlanması, müvafiq qaydada razılaşdırılması, infrastruktur layihələri altına düşən torpaq sahələri və obyektlərin layihə smeta sənədlərində müvafiq qaydada nəzərə alınması məsələləri müzakirə edildi.

İclasda, həmçinin mövsümlə əlaqədar havaların isti keçməsi səbəbindən işğaldan azad edilmiş ərazilərdə layihələri icra edən qurumlar və podratçı təşkilatlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi iclas iştirakçılarının nəzərinə çatdırıldı.

İşğaldan azad olunan ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası üzrə bütün qurumlar tərəfindən görülən işlərin İşçi Qrupu vasitəsilə İdarələrarası Mərkəzlə əlaqələndirilməklə icra edilməsinin, hər bir qurum və nümayəndə tərəfindən bu proseslərdə aktiv və qarşılıqlı əməkdaşlıq şəraitində iştirakın təmin edilməsi və görülən işlərə töhfə verilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti